Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.06.2023 17:40
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim su ehtiyatlarına dair beynəlxalq konfransda çıxış edib

Coğrafiyaçı alim su ehtiyatlarına dair beynəlxalq konfransda çıxış edib

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən “Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi (SEİİE) - Beynəlxalq qabaqcıl təcrübələr və tövsiyələr” adlı beynəlxalq tədbirdə ölkəmizi təmsil edib.

Avropa İttifaqı və Dünya Bankının Azərbaycanda su ehtiyatları ilə bağlı həyata keçirdikləri layihə çərçivəsində baş tutan tədbirdə müəssisənin  rektoru, akademik Urxan Ələkbərov, Dünya Bankının baş mütəxəssisi Səidə Bağırlı, Aİ-nin Azərbaycandakı nümayəndəsi Ramilə Aslanova və ölkəmizin müvafiq elm, dövlət qurumlarının alim və mütəxəssisləri iştirak edib.

Tədbirdə ölkənin su ehtiyatları, su və sanitariya, su ehtiyatlarının idarə olunması, suların tarif qiymətləndirilməsi ətrafında Aİ-nın baş mütəxəssisi Smita Misra, beynəlxalq ekspert Stephen Hodgson və başqaları çıxış ediblər.

Rza Mahmudov ölkəmizin su ehtiyatlarının mövcud vəziyyəti, müasir iqlim dəyişmələrinin səth, yeraltı su ehtiyatlarına təsiri, bu sahədə mümkün proqnozlar, ssenarilər, su ehtiyatlarının idarə olunmasında əsas prinsiplər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bununla yanaşı, şöbə müdiri ölkəmizdə su siyasətinin aparılmasında müxtəlif dövlət qurumları, özəl, habelə beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələrin elmi əsaslandırılmasında rəhbəri olduğu şöbənin əsas söz sahibi olduğunu bir daha iştirakçıların diqqətinə çatdırıb.

Hidroloq alim su ehtiyatlarının inteqrasiyalı idarə olunmasında Hövzə üzrə iqlim dəyişmələri nəzərə alınmaqla ərazinin su-balans ehtiyatlarının qiymətləndirilməsi və proqnozlaşdırılması, eləcə də ərazinin sosial-iqtisadi durumunun mövcud vəziyyəti və inkişaf perspektivləri kimi iki vacib istiqaməti diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: