Bitkilərin introduksiyası bu, təbiətdəki bitkiləri mədəniləşdirmək üçün-növ, sort və formalarının, müəyyən ərazidə məqsədyönlü əkilməsidir. Son zamanlar respublikamızda ekzotik dekorativ ağac-kol bitkilərindən istifadə etməklə yaşıllaşdırma işləri həyata keçirilir. Bunun əsаsını isə yеni pаrklаrın, хiyаbаnlаrın, istirаhət zоnаlаrının sаlınmаsı təşkil еdir.
Dendrologiya İnstitutu yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində, 1966-ci ildən introduksiya nəticəsində digər floralardan xeyli miqdarda bitki növləri təqdim etmişdir. Müəyyən edilmişdir ki, yüksək dekorativ keyfiyyətlərə malik olan bitkilər, bir qayda olaraq, mədəni şəraitdə daha çox tələbkardırlar. Landşaft dizaynında ən çox yayılmış növlərdən biri Balkan yarımadasından olan Adi göyrüşdür. Qışa qeyri-adi dözümlülüyü, çiçəkləmə gözəlliyi və yaxşı çoxaldığına görə Adi göyrüş Azərbaycanın bölgərində uğurla becərilir. Şəhər mühitində Adi göyrüş qaz və toza qarşı davamlılıq göstərir. Yay mövsümündə yeni göyrüş yarpaqlarının səthində yaşıllaşdırmada geniş istifadə olunan qovaq və cökə ağaclarından 3 dəfə çox toz hissəcikləri saxlayır. Bitkilərin yarpaqlarında toz yığılaraq havanın rütubətinin artmasına kömək edir, bununla da müəyyən bir mikroiqlim yaradır və səs-küyü intensiv şəkildə azaldır. Bitkinin yarpaqları havadan xeyli miqdarda kükürd dioksidi, ftor birləşmələrini udur, fitonsid xüsusiyyətlərinə malik olmaqla ekologiyanı və ətraf mühiti zərərli təsirlərdən qoruyur.
Adi göyrüşün oduncağı həlqəvari məsaməli, sərt, ağır olduğuna görə kənd təsərrüfatında, avtomobil istehsalı, mebel, dülgərlik sənayesində geniş istifadə edilir. Bitkinin kökündən xinin əvəzedicisi, aşılayıcı qara, qəhvəyi və mavi boyaların hazırlanması üçün bir vasitə kimi istifadə olunur. Toxumu B,C, yarpaqlar isə vitamin C ilə zəngindir. Adi göyrüş meşə sənayesində qoruyucu meşə zolaqlarının salınmasında əsas növdür. Şəhərlərin yaşıllaşdırılmasında, bağ və parkların, xiyabanların salınmasında geniş istifadə edilir.
Adi göyrüş büzücü, qızdırmasalıcı və yara sağaldıcı xüsusiyyətlərə malikdir. Qanaxma zamanı qan kəsici vasitə kimi də istifadə olunur. Eyni zamanda antispazmolitik, sidikqovucu və işlətmə təsirinə də malikdir.
Adi göyrüş (Fraxinus excelsior) - Zeytunkimilər fəsiləsinə (Oleaceae), Fraxinus L. cinsinə aid olub, hündürlüyü 30-40m, diametri 100sm olan düz gövdəli ağac növüdür. Qabığı açıq boz rəngli olub, uzununa və eninə dərin olmayan çatlıdır. Toxumcuqları tutqun qara rənglidir. Zoğları yoğundur, yaşılımtıl-boz rənglidir, yarpaqları iridir, çılpaqdır, təklələkvaridir, 7-9, bəzən də 5-15 yarpaqcıqdan ibarətdir, uzunsov lansetvaridir, ucdan sivridir, kənarları xırda mişardişlidir, kənar yarpaqcıqları oturandır, ucdakı saplaqlıdır, üstdən tünd yaşıl, altdan açıq yaşıldır. Çiçəkləri süpürgəvari çiçək qrupunda yerləşir, yalançı ikicislidir, adətən qarışıq cinslilik üstünlük təşkil edir. Yarpaqlama ilə bərabər aprel-may aylarında çiçək açır. Meyvəsi uzunsov qanadlıdır, bir toxumludur.Toxumunun 1000 ədədi 60-72 qr. aralığında olur. Toxumlar payızda yetişir, işıqsevəndir. İlk dəfə Avropada təsvir edilmişdir. Təbii halda Orta Avropada, Aralıq dənizi ölkələrində, Balkanda, Kiçik Asiyada yayılmışdır, o cümlədən Krımda və Qafqazda enliyarpaqlı meşələrin tərkibində bitir.
İlk dəfə olaraq “Memmert” aparatında Adi göyrüş (F. excelsior L.) bitkisinin toxumlarının cücərmə sürətinə istiliyin tətbiqi və təsiri öyrənilmişdir. Öyrənilən növ üzərində hər ongündən bir müşahidələr aparılmışdır. Toxumlar 3 oktyabr 2022-ci il tarixində perlit əlavə edilmiş Klasmann torf substratında, iki plastik qabda səpildi. Onlardan biri 8°C temperaturda soyuducuya yerləşdirildi (təcrübə A1), digəri 22°C temperaturda termostata yerləşdirildi (təcrübə A2). Oktyabrın 20-də hər iki konteyner fitotrona (22 °C) qoyuldu. Kontrollar torpaqda, istixanada, təbii işıq şəraitində əkilmişdir.
Almaniya istehsalı olan Klasmann-Delmann torf substratı gübrəli sfaqnum torfudur:100-200mq/l N, 70-150mq/l P2O5, 140-240mq/l K2O, pH-5,5-6,5-dir. Bizim təcrübəmizdə fitotronda havanın temperaturu 22°C olan qeyri-germetik biokamera və istixana üçün LED tipli lampalardan istifadə edilmişdir. Lampalar bitkilərin üstündə 40sm məsafədə yerləşdirildi. Süni işıqlandırmanın müddəti sutkada 24 saat olub, 1:3 nisbətində mavi (440nm) və qırmızı (660nm) LED-lərdən istifadə edildi. İlkin cücərtilər A1 təcrübəsində 25-ci gündə, A2 təcrübəsində - orta hesabla 15 gündən sonra, kontrolda olan isə - 40-cı gün müşahidə edilmişdir. Oktyabr ayında bitkilərin hündürlüyü orta hesabla A1 təcrübəsində 13 sm və A2 təcrübəsində isə 6 sm idi, bir aydan sonra bitkilərin hündürlüyü praktiki olaraq dəyişməz qaldı, lakin gövdənin qalınlaşması və qabıq əmələ gəlməsinin başlanğıcı müşahidə edildi. Kontrol təcrübədə isə cücərtinin orta hündürlüyü 7 sm olub, budaqlanma isə müşahidə olunmayıb.
Ontogenezdə bioloji xüsusiyyətlərin öyrənilməsi zamanı əldə edilmiş məlumatlar əsasında onların Abşeronda introduksiyası tövsiyə edilir və daha da geniş miqdarda becərilməlidir. Adi göyrüş bitkisinin dekorativlik xüsusiyyətlərini və müalicəvi əhəmiyyətini nəzərə alaraq, bu növün geniş əkin şəraitində becərilməsini məqsədəuyğun sayırıq.
İradə MƏMMƏDOVA, Dendrologiya İnstitutunun Ağac kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının elmi işçisi
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.