Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.06.2023 16:49
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun “Fəxri professoru” seçilib

Akademik İsa Həbibbəyli Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun “Fəxri professoru” seçilib

İyunun 16-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistanın Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun nümayəndə heyəti ilə görüş keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, ölkələrimiz arasında min illərə dayanan dostluq, qardaşlıq əlaqələri son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyayevin sıx münasibətləri sayəsində özünün ən yüksək mərhələsinə çatıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün Özbəkistan həm də Türk dünyasına inteqrasiya istiqamətində böyük addımlar atıb və türkdilli ölkələrlə münasibətdə hər sahədə sıx əməkdaşlıq açıq şəkildə müşahidə olunur.

Azərbaycan Milli Elmlər Akademiyası ilə Özbəkistan Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalandığını xatırladan akademik İsa Həbibbəyli bu gün AMEA-nın elmi müəssisələrinin Özbəkistanın bir çox aidiyyəti qurumları ilə əməkdaşlıq etdiklərini söyləyib.

Ədəbiyyat İnstitutu ilə Özbəkistanın elm, təhsil qurumları ilə geniş əlaqələrinin mövcud olduğunu deyən AMEA rəhbəri 2014-cü ildən etibarən hər il Ədəbiyyat İnstitutunda böyük özbək şairi Əlişir Nəvaiyə həsr olunmuş konfransların keçirildiyini, müəssisə əməkdaşlarının mütəmadi olaraq Özbəkistanda Nəvai konfranslarında iştirak etdiklərini diqqətə çatdırıb. Vurğulayıb ki, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Sirojiddinovun təklifi ilə “Nəvai günləri” konfransı bu il ilk dəfə Bakıda başlayıb, AMEA-nın Rəyasət Heyətində davam edib, Özbəkistanda isə yekunlaşıb.

“Ötən illər ərzində Ədəbiyyat İnstitutunda Məhəmməd Babur, Məqsud Şeyxzadə və Qafur Qulama həsr olunmuş tədqiqatlar aparılıb, konfranslar keçirilib. İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bir buraxılışı bütövlükdə Özbəkistana həsr olunub. Ədəbiyyat İnstitutunda Əlişir Nəvai Mərkəzi fəaliyyət göstərir, eləcə də Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Mərkəz fəaliyyətdədir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda Özbəkistan ədəbiyyatına dair tədqiqatların davam etdirildiyini, dissertasiya işlərinin yazıldığını söyləyib, qonaqları AMEA-da görməkdən məmnunluğunu ifadə edib.

Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru, professor Dilnoza Xocayeva çıxış edərək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, ölkələrimiz arasında tarixən mövcud olan dostluq, qardaşlıq münasibətlərindən danışıb, birgə layihələrin təşkilində, tədqiqatların aparılmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə, həmçinin Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, Kokand Dövlət Pedaqoji İnstitutunun Beynəlxalq əməkdaşlıq üzrə prorektoru Niqora Kadirova, professorlar Nigora Erkaboyeva və Dilnoza Camoliddinova çıxış edərək görüşün əhəmiyyətinə toxunub, gələcək əməkdaşlıq imkanlarından danışıblar.

Çıxışlardan sonra akademik İsa Həbibbəyliyə və filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya Kokand Dövlət Pedaqoji İnstitutunun “Fəxri professoru” seçilmələri münasibətilə diplomlar təqdim olunub. Diplomları Kokand Dövlət Pedaqoji İnstitutunun rektoru, professor Dilnoza Xocayeva təqdim edib.

Görüşdə Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun təhsil işləri üzrə prorektor Nərgizə Babayeva, Təhsilin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Aybək Bozorov, Birgə təhsil proqramlarının koordinasiya şöbəsinin müdiri Şahnoza Qarşiyeva və Planlaşdırma və maliyyə şöbəsinin müdiri Nadir Xalikov da iştirak ediblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: