AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının prezidentinin dəvəti ilə Bolqarıstanda səfərdədir. Səfər zamanı Azərbaycan Milli Elmlər Akademiyası ilə Bolqarıstan Elmlər Akademiyası arasında qarşılıqlı elmi əməkdaşlığa dair Anlaşma memorandumu imzalanacaq. Həmçinin səfər çərçivəsində akademik İsa Həbibbəyli Bolqarıstan EA-nın bir sıra elmi-tədqiqat institutlarının iş təcrübəsi ilə də tanış olacaq.
AMEA prezidenti, akademik İsa Həbibbəyli əvvəlcə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olub. Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, Sofiya Universitetində türkologiya və şərqşünaslıq ixtisasları üzrə təhsil alan tələbələrə 2013-cü ildən Azərbaycan dili, 2015-ci ildən Azərbaycan multikulturalizmi fənləri tədris olunur, yeni dərs ilindən isə Azərbaycan ədəbiyyatı fənninin tədrisinə başlanılacaqdır.
Fəaliyyət göstərdiyi 10 il ərzində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin işini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli indiyədək burada Azərbaycan Respublikasının Bolqarıstandakı Səfirliyinin dəstəyi ilə Nizami Gəncəvi, İmadəddin Nəsimi və Cəlil Məmmədquluzadənin əsərlərinin bolqar dilinə ilk dəfə tərcümə edilərək nəşr olunmasını əhəmiyyətli hadisə adlandırıb.
AMEA prezidenti Sofiya Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə təbrikini çatdırıb. Akademik İsa Həbibbəyli Mərkəzə üzərində Qarabağın rəmzi Xarıbülbülün simvolu olan xalça və Azərbaycan Respublikasına, o cümlədən Qarabağa və Şuşaya aid kitablar, bir sıra elmi nəşrlər hədiyyə edib.
AMEA prezidenti, akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının Milli Arxeologiya İnstitutunun Arxeologiya Muzeyini də ziyarət edib. Muzeyin direktoru, professor Stefan Aleksandrov AMEA rəhbərinə Bolqarıstanın tarixi mədəniyyət nümunələrinin nümayiş olunduğu muzey eksponatları barədə ətraflı məlumat verib. Akademik İsa Həbibbəyli isə Azərbaycanda, xüsusilə ölkəmizin Qarabağın işğaldan azad edilmiş ərazilərində aparılan arxeoloji qazıntılar, dünyanın nadir qədim insan məskənlərindən biri olan Azıx mağarası və sairə barədə söhbət aparıb və arxeologiya sahəsində mövcud əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Bolqarıstan Elmlər Akademiyasının Etnologiya və Folklor İnstitutunun rəhbərliyi ilə də görüşüb, elmi-tədqiqat müəssisəsinin tərkibində fəaliyyət göstərən Etnoqrafiya Muzeyini ziyarət edib. Etnologiya və Folklor İnstitutunun direktoru, professor Vladimir Pençev AMEA prezidentini rəhbərlik etdiyi elmi müəssisənin iş şəraiti və tədqiqat istiqamətləri ilə tanış edib. Görüş zamanı müasir mərhələdə etnoqrafiya və etnologiya elmlərinin funksiyaları, Akademiyanın elmi bölmələrindəki yeri və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparılıb, bu istiqamətdə Azərbaycan və Bolqarıstan alimlərinin qarşılıqlı elmi əməkdaşlıq perspektivləri barədə danışılıb.
Qeyd edək ki, akademik İsa Həbibbəyli AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə telefon əlaqəsi yaradıb, Azərbaycanda baş vermiş zəlzələ ilə əlaqədar olaraq ictimaiyyətə elmi cəhətdən əsaslandırılmış maarifləndirici məlumatların çatdırılması haqqında tövsiyələr verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.