Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.07.2023 15:28
  • A-
  • A
  • A+

“Azərbaycan və Türkiyənin XX–XXI əsrlərin liderlik modellərinin müqayisəli təhlili” adlı dəyirmi masa keçirilib

“Azərbaycan və Türkiyənin XX–XXI əsrlərin liderlik modellərinin müqayisəli təhlili” adlı dəyirmi masa keçirilib

Bu gün AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan və Türkiyənin XX–XXI əsrlərin liderlik modellərinin müqayisəli təhlili” adlı dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq bildirib ki, tarixi köklərə dayanan Azərbaycan-Türkiyə arasında qarşılıqlı əlaqələr XX–XXI əsrdə daha geniş şəkildə inkişaf edərək, iqtisadi-siyasi, həm də hərbi baxımdan müttəfiqlik səviyyəsinə qalxıb. Onun sözlərinə görə, bu əlaqələrin dərin tarixi kökləri sübut edir ki, hər iki dövlət arasında qarşılıqlı münasibətlər təkcə strateji maraqlar çərçivəsində deyil, həm də soykökə bağlılıqdan, eyni mənəvi dəyərlərə malik olmaqdan irəli gəlir: “Türkiyə ilə Azərbaycan arasında tarix boyu davam edən diplomatik əlaqələr yalnız iki qardaş dövlətin mənafeyinə xidmət etmir, həm də regional sabitliyə zəmin yaradır. Bu mövzunun fənlərarası tədqiqat kontekstində fəlsəfi metodları, həm də nəzəri əsasları təhlil olunmalıdı”.

Tədbirdə çıxış edən akademik Nərgiz Axundova XX əsr hadisələrindən söz açıb: “Fəxrlə deyə bilərik ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirləri artıq həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Ölkələrimiz arasındakı qarşılıqlı münasibətlər nə bu günün, nə də dünənin siyasi-iqtisadi maraqları əsasında formalaşmayıb. Bu əlaqələr dərin tarixi köklərə bağlanır. Türkiyə və Azərbaycan əlaqələrinin tədqiq edilməsi və gələcəkdə yaranacaq əməkdaşlıq sahələri ilə bağlı ənənələrin davam etdirilməsi baxımından tarixi reallıqların işıqlandırılması, bu sahə ilə araşdırma aparan hər bir institut alimlərinin qarşısında duran əsas tədqiqat obyekti olmalıdır”.

Sonra tədbirdə Türkiyənin Atatürk Universitetinin İqtisadiyyat şöbəsinin müdiri, prof. Kerem Karabulut (onlayn) “Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyev: liderlik nümunəsinin müqayisəsi”, f.e.d., professor Rəna Mirzəzadə “Azərbaycan - Türkiyə əməkldaşlığı beynəlxalq münasibətlərdə siyasi-hərbi-diplomatik modeldir”, f.e.d. Füzuli Qurbanov “Yeni liderlik modeli: Azərbaycan-Türkiyə əlaqələri perspektivi fonunda”, s.e.ü.f.d., dosent Günel Məlikli “Prezident İlham Əliyev və Prezident R.T.Ərdoğanın liderlik nümunəsi”, f.ü.f.d. Şölət Zeynalov “Prezident İlham Əliyevin siyasi xəttində strategiya və dialoq”, p.ü.f.d. Tünzalə Musayeva “Mustafa Kamal Atatürk fenomeni - XX əsrin yeni liderlik modeli” mövzularında ətraflı çıxış ediblər.

Dəyirmi masada f.ü.f.d., dosent Faiq Ələkbərli, f.ü.f.d., dosent Hüseyn İbrahimov və digər çıxışçılar mövzu ilə bağlı fikir və düşüncələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: