Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.07.2023 15:47
  • A-
  • A
  • A+

Dünya şöhrətli fotoqraf Reza Deqati Mərkəzi Elmi Kitabxanada olub

Dünya şöhrətli fotoqraf Reza Deqati Mərkəzi Elmi Kitabxanada olub

İyulun 6-da dünya şöhrətli Azərbaycan əsilli fotoqraf Reza Deqati AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) olub. Qonağı MEK rəhbərliyi qarşılayıb.

Görüş zamanı R.Deqatinin nümayiş etdirdiyi fotolardan təsirləndiyini dilə gətirən MEK-in baş direktoru, professor Məmməd Əliyev 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fotojurnalistin xidmətlərini vurğulayıb. Bildirilib ki, müharibə günlərində Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər, mənfur qonşularımız tərəfindən amansızlıqla dağıdılan şəhərlərimizin görüntüləri geniş auditoriyaya fotolar vasitəsilə xüsusi peşəkarlıqla çatdırılıb.

Qonaq, öz növbəsində azad olunmuş ərazilərə səfəri, görülən işlər və gələcəkdə reallaşdırıla biləcək layihələr barədə danışıb. Bu baxımdan Mərkəzi Elmi Kitabxanada qorunan nəşrlərin, sənədlərin faydalı ola biləcəyini deyib.

Daha sonra R.Deqati MEK-lə daha yaxından tanış edilib. MEK-in Qarabağ müharibəsi qəhrəmanları və Nadir kitablar və qiymətli nəşrlər fondlarında Qarabağın etnoqrafiyasına, tarixinə dair dəyərli nəşrlərə baxılıb, buradakı guşələr haqqında geniş məlumat verilib.

Görüşün sonunda qonağa MEK tərəfindən “Heydər Əliyev İli” çərçivəsində hazırlanan illik təqvim hədiyyə edilib.

Qeyd edək ki, tanınmış fotojurnalist Reza Deqati ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. R.Deqati 20 Yanvar hadisələrini, Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. O, 44 günlük müharibə zamanı həm erməni təxribatları nəticəsində zərər görmüş mülki şəxsləri və obyektləri, həm də ermənilər tərəfindən işğal edilmiş ərazilərdə ziyan vurulmuş, vandalizm aktına məruz qalmış tarix və mədəniyyət abidələrini böyük ustalıqla fotolarda əbədiləşdirib. 2014-cü ilin noyabrında Fransada Heydər Əliyev Fondunun və şəxsən Fondun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Reza Deqatinin Azərbaycana həsr olunan fotosərgisi keçirilib, eyni zamanda iki kitabı işıq üzü görüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: