Hörmətli həmkarlar!
Zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqı son 200 il ərzində soyqırımlarına, deportasiyaya məruz qalmış, tarixi torpaqlarımız zaman-zaman işğalçı hücumları ilə üzləşmiş, ötən əsrin 90-cı illərində isə erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmişdi.
Bütün həyatını Azərbaycana, xalqına həsr etmiş Ulu Öndər Heydər Əliyevin ölkəmizə ikinci rəhbərliyi dövründə qısa müddət ərzində həyata keçirdiyi geniş miqyaslı siyasi-hərbi və iqtisadi-mədəni tədbirlər nəticəsində dövlətimiz məhv olmaq təhlükəsindən xilas olmuş, böyük inkişaf yoluna qədəm qoymuşdur. Dahi Liderin müstəqil dövlətçilik siyasətini müasir dövrün çağırışları işığında inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycanı bütün sahələrdə öz inkişafının ən yüksək mərhələsinə çatdırıb güclü, modern ordu yaratmaqla xalqımızda gələcək tarixi Qələbəmizə olan inamı daim qüvvətləndirmişdir.
Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmənin təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək liderlik və idarəetmə qabiliyyətilə Azərbaycan Ordusu 44 gündə Zəfər yürüşü ilə Vətən müharibəsində tarixi Qələbəmizi əldə etməklə düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində isə ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam bərpa olunmuşdur. Ali Baş Komandan İlham Əliyev Qarabağda işğaldan azad olunmuş ərazilərimizdə Dövlət Bayrağımızı qürurla dalğalandırmış və həmin tarixi anları hər bir soydaşımız qürurla yaşamışdır.
Bu gün işğaldan azad olunmuş ərazilərimizdə Böyük Qayıdış Proqramı uğurla həyata keçirilir, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, "ağıllı şəhər", "ağıllı kənd" layihələri ilə kəndlərimiz, şəhərlərimiz bərpa olunur, müasir ticarət və logistika mərkəzləri, tunellər, məktəblər, zavodlar inşa edilir, yeni sənaye parkları qurulur. Bu ilin ən əlamətdar hadisələrindən biri də yüksək ali təhsil standartlarına cavab verən Qarabağ Universitetinin geniş müəllim və tələbə heyəti ilə fəaliyyətə başlaması oldu. Qarabağda, həmçinin dünya miqyaslı tədbirlər keçirilir, Şuşa şəhəri 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmişdir. Bundan əlavə, öz tarixi dədə-baba yurdlarından didərgin düşmüş soydaşlarımız tarixi torpaqlarına qayıdır və məcburi köçkünlərimizin öz doğma evlərinə qayıtması prosesi uğurla davam edir.
Azərbaycan Milli Elmlər Akademiyası və alimlərimiz də Böyük Qayıdış prosesində yaxından iştirak edir, işğaldan azad olunmuş ərazilərimizdə arxeoloji qazıntılar aparılır, memarlıq abidələri, ərazinin dialektologiyası, Vətən müharibəsinin tarixi, fəlsəfəsi öyrənilir və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri üçün dövlətimizin başçısına, ordumuza, şəhidlərimizə, qazilərimizə əbədi olaraq minnətdarıq.
Hörmətli Akademiya əməkdaşları,
Sizi Zəfər Günü münasibətilə təbrik edir, qalib bir xalqın nümayəndəsi kimi möhkəm cansağlığı və elmi-tədqiqat işlərinizdə və ictimai fəaliyyətinizdə uğurlar arzulayıram.
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.