Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.07.2023 14:10
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları invaziv növləri araşdırıblar

Botanika İnstitutunun əməkdaşları invaziv növləri araşdırıblar

AR ETN Botanika İnstitutunun Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Kəmalə Əsədova və Geobotanika şöbəsinin əməkdaşları b.ü.f.d. Rəna Abdıyeva və b.ü.f.d. Nigar Mürsəl qızı tərəfindən Qazax rayonunun ərazisində çöl-tədqiqat işləri aparılıb.

Ekspedisiya “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”ya uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icra vəziyyətinin araşdırılması məqsədilə aparılıb.

Tədqiqatın məqsədi floraya yad mənşəli  invaziv növlərin sayının və populyasiyalarının öyrənilməsi, rayonda zonallıq təşkil edən formasiyaların təyini, rayon ərazisində yad mənşəli növlərin qeydiyatının aparılması və Qarayazı Dövlət Təbiət Qoruğunda və digər  meşə massivlərində bu növlərin mövcudluğunun öyrənilməsi olub. Elmi tədqiqat işi rayonun Daş Salahlı, Şıxlı, Muğanlı, Köçvəli, Poylu, Saloğlu, Soyuqbulaq, Böyükkəsik, Sadıqlı, Şəkərli, Ağköynək, Damcılı ərazilərini əhatə edib. Rayonun relyefi səthi, əsasən düzənlikdir. Tərəfimizdən aparılan müşahidələr  nəticəsində məlum olmuşdur ki, rayonun  dağlıq  ərazisində - ağcaqayın, palıd üstünlüyü ilə enliyarpaq dağ meşələri, dağətəyi ərazilərdə qaratikan, düzən sahələrdə isə yovşan, şoran, yovşanlı-şoran, efemerli səhra və yarımsəhralar, o cümlədən yulqun formasiyaları zonallıq təşkil edir.

Kür çayı boyu (o cümlədən Qarayazı Dövlət Təbiət Qoruğu) və onun ətrafında  yerləşən düzən, tuqay meşələrində hazırda  əsas meşə əmələ gətirən ağaclar uzunsaplaq palıd, ağyarpaq qovaq və yemişan çoxluq təşkil edirlər. Bunlardan başqa  qarağac, yabanı alça, armud, alma, əzgil, qafqaz xurması, dəvədabanı, adi zirinc,  adi  birgöz, böyürtkən, kol ilanlar, mərəvcə, “Qırmızı kitab” növü olan yabanı meşəüzümü və daş sarmaşığı qeydə alınıb. Otlardan gürcü güləvəri zonallıq təşkil edir. O, rayonun həm antropogen təsirə məruz qalmış ərazilərində, həm təbii sahələrində 4-5 bal bolluqla rast gəlinir. Tədqiqat apardığımız ərazidə 12 yad mənşəli növ qeyd olunub. Bunlardan hazırda 3 növ - transformer, yəni təbii bitki landşaftını dəyişən növlərdir.

Botanika İnstitutunun kollektivi ekspedisiyanın yerinə yetirilməsində göstərdiyi diqqətə və köməkliyə görə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova dərin minnətdarlığını bildirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: