Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.08.2023 10:48
  • A-
  • A
  • A+

Göygöl Milli Parkının dendroflorası kitabının nəşri hazırlanır

Göygöl Milli Parkının dendroflorası kitabının nəşri hazırlanır

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşları Göygöl Milli Parkında elmi ezamiyyətdə olublar.

Məqsəd Azərbaycan Dövlət Təbiət Yasaqlıqlarının dendroflorasının iqlim dəyişkənliyinin təsirinin öyrənilməsi, həmçinin AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun təşəbbüsü ilə aparılan monitorinq və ekspedisiyalar zamanı yarımçıq qalan “Göygöl Milli Parkının dendroflorası” kitabının nəşri, Göygöl Milli Parkının dendroflorasının təhlili mərhələlərinin icrası üçün monitorinq keçirmək olub.

Ölkəmizdə ekoloji tarazılığın saxlanması və nadir incilərimizin tanınması və mühafizə edilməsi baxımından Göygöl Milli Parkının fəaliyyəti danılmazdır. 2011-ci ildən başlanan AMEA-nın müxbir üzvü T.Məmmədovun rəhbərliyi altında Kiçik Qafqazın şimal-şərq hissəsində yerləşən Göygöl Milli Parkının dendroflorasının öyrənilməsi üzrə çoxsaylı ekspedisiyalar elmi tədqiqat işləri bu gün də Dendrologiya İnstitutunun əməkdaşları tərəfindən davam etdirilir.

Göygöl Milli Parkının ərazisində təbii və mədəni şəraitdə becərilən ağac-kol bitkiləri müqayisəli təhlil edilib. Tədqiqat ərazisində adi fıstıq, şərq vələsi, adi vələs, gürcü palıdı, şərq palıdı, qafqaz cökəsi, hamar dağdağan, qafqaz dağdağanı, yalançı çinaryarpaq ağcaqayın və s. kimi növlər üstünlük təşkil edir. Gölətrafı hövzələrdə, gölməçələrdə və bataqlıqlarda Phragmites australis, Typha angustifolia, Scirpus lacustris, Sc. Lithoralis, Potamogeton pectinature, Juncus acutus və s. növlər assosiasiyalar təşkil edir. Bitki növlərinin ümumi sayına görə Qafqaz florasının ümumi miqdarının çox hissəsi həmin ərazilərin payına düşür.  Göygöl Milli Parkının zəngin bitki örtüyünə malik olması, onun fiziki-coğrafi, təbii-tarixi şəratinin müxtəlifliyi və uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.

Tədqiqat zamanı Göygöl Milli Parkının ərazsinin ağac-kol bitkilərinin taksonomik tərkibi, yayılma arealları tədqiq olunub. Eyni zamanda Göygöl ərazisinin dendroflorasının təhlili əsasında nadir və nəsli kəsilməkdə olan növlərin təbii bərpa yollarının seçilməsi üzrə monitorinq aparılıb, nadir və nəsli kəsilməkdə olan növlər, onların arealları müəyyən edilib. Tədqiqat dövründə respublikamızın flora biomüxtəlifliyi, o cümlədən ağac və kolların  növ tərkibi, bioekoloji xüsusiyyətləri, yayılma arealları kompleks şəkildə tədqiq edilib. Məlum olub ki, son dövrlər meşələrdən səmərəsiz və intensiv istifadə nəticəsində bəzi bitkilərin arealları daralıb, bəzi növlər isə öz areallarını tamamilə dəyişib.

Ərazidə meşə və meşə altından çıxmış dağ-bozqır bitkiləri inkişaf edib. Tədqiqat aparılan ərazi flora biomüxtəlifliyi baxımından çox zəngin olmaqla, bu botaniki-coğrafi bölgə öz relyef quruluşuna görə yarımsəhradan - subalp çəmənliklərinədək nadir bitkiləri müxtəlif  bitkilik tiplərində cəmləşdirib. Milli Parkın ərazisində lokal formada Paliurus Mill., Frangula Mill., Cotoneaster Medic., Coryulus L., Sprea L., Sorbus L., Crataegus L., Rhus L. formasiylara rast gəlmək olur. Acer L., Quercus L., Ulmus L., Carpinus L. və s. cinslərindən olan bitkilər xüsusi formasiylar yaradaraq, dağ-kserofit bitkiliyinin formalaşmasında bilavasitə iştirak edir.

Qeyd edək ki, institutun İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən ekspedisiya zamanı aparılan tədqiqatlar haqqında geniş foto və video sujetlər  hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: