Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.08.2023 09:42
  • A-
  • A
  • A+

“Kibernetika və İnformatika Problemləri” mövzusunda 5-ci beynəlxalq konfrans öz işinə başlayıb

“Kibernetika və İnformatika Problemləri” mövzusunda 5-ci beynəlxalq konfrans öz işinə başlayıb

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ), İnformasiya Texnologiyaları İnstitutu və  ADA Universitetinin təşkilatşılığı ilə “Kibernetika və İnformatika Problemləri” mövzusunda 5-ci beynəlxalq konfransın (PCI`2023) açılışı olub.

Üç gün davam edəcək konfransın tərəfdaşları Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasıdır.

Tədbiri giriş nitqi ilə açan İSİ-nin baş direktoru, akademik Əli Abbasov konfransın əhəmiyyətinə toxunaraq qeyd edib ki, sürətli sosial-iqtisadi və texnoloji dinamika ilə müşaiyət olunan müasir dövrdə informasiya cəmiyyətinin prioritetlərindən biri də məhz kibernetika və informatika sahələrinin inkişafı və mövcud problemlərin aradan qaldırılmasıdır. Bu baxımdan keçirilən konfransın önəmini qeyd edən akademik əsas məqsədin sözügedən sahələr ətrafında “Dövlət-Özəl-Akademik” əməkdaşlığın qurulması, problemlərin həlli istiqamətində dünya alimlərilə birgə diskusiyaların aparılması, müasir metodların tətbiqi və yeni elmi tədqiqat sahələrinin müəyyənləşdirilməsi olduğunu bildirib.

Ə.Abbasov qeyd edib ki, ötən əsrin sonlarında idarəetmə sahəsindəki problemləri həlli istiqamətində optimallaşdırma və optimal idarəetmə metodlarından istifadə edilsə də müasir dövrdə sözügedən metodlar problemlərin həlli istiqamətində real nəticələrin əldə olunması üçün heç də əlverişli deyil. Hazırda bu problemlərin həllində tətbiqi adaptiv nəzarət sistemləri, fuzzy texnologiyaları, süni intellekt texnologiyaları, şəbəkə nəzarət sistemləri, təbii dillərin emalı kimi metodlar real nəticələr verməyə başlayıb.

Dövrün tələbindən irəli gələrək müxtəlif sahələrdə o cümlədən, riyazi, coğrafi, iqtisadi, siyasi və mədəni inkişafın bilavasitə idarəetmə sistemlərinin inkişafı ilə bağlı olduğunu qeyd edən akademik sənayeyə nəzarət sistemlərinin yaradılması, hava məkanı sistemlərinin təkmilləşdirilməsi, PUA-ların yaradılması, küy texnologiyalarının tətbiqi, dinamik idarəetmə sistemlərinin klassik və rəqəmsal metodlarından ətraflı şəkildə bəhs edib. 

Rəhbərlik etdiyi elmi müəssisədə ötən 70 il ərzində həyata keçirilən fundamental elmi tədqiqatlardan söz açan alim institutun əsas fəaliyyət istiqamətləri və ölkədə idarəetmə sistemlərinin inkişafı ilə bağlı gələcək hədəfləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, institutun nəzdində fəaliyyət göstərən Xüsusi Konstruktor Bürosu barədə məlumat verib.

Çıxışının sonunda göstərilən dəstəyə görə həmtəşkilatçılara təşəkkürünü ifadə edən Ə.Abbasov tədbirin idarəetmə və kibernetika sahələrində inkişafa mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib, konfransa öz işində uğurlar arzulayıb.

Sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova aktual problemlərə həsr olunan beynəlxalq konfransın önəminə toxunub, təmsil etdiyi nazirlik tərəfindən ölkədə elm və təhsil sahələrinin inkişafına təkan verə biləcək layihələrə dəstək göstərildiyini bildirib. Ü.Səttarova keçirilən konfransın ölkədə “Dövlət-Özəl-Akademik” əməkdaşlığına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib, konfransa öz işində uğurlar arzulayıb.

Daha sonra ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə çıxış edərək təmsil etdiyi qurumun rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, üç gün davam edəcək konfransın sözügedən sahələrdə mövcud problemlərin həlli istiqamətində beynəlxalq əməkdaşlığa yol açdığını bildirib. ADA Universitetinin konfransın təşkilində rolundan söz açan F.İsmayılov təmsil etdiyi qurumda yüksəkixtisaslı kadr yetişdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Hazırda informasiya texnologiyaları mühəndisliyi, elektrik mühəndisliyi, iqtisadiyyat kimi aktual elmi sahələrə gənclərin cəlb olunması ilə bağlı universitetin fəaliyyətinin genişləndirildiyini bildirib. Azərbaycanda elmin inkişafı istiqamətində İSİ və SİNAM şirkəti ilə ADA Universiteti arasında qurulan səmərəli əməkdaşlıq əlaqələrindən danışan F.İsmayılov qarşıda duran prioritetlərdən bəhs edib.

Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları İnstitutunun professoru,  Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü Yedilkhan Amirgaliyev çıxışında konfransın məhz “Heydər Əliyev İli”ndə keçirilməsinin önəmini vurğulayıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Qazaxıstan arasında elmi əlaqələrin qurulmasına verdiyi töhfələrdən bəhs edən alim hazırda bu əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdirildiyini bildirib. İki ölkə arasında imzalanan əməkdaşlıq memorandumları barədə məlumat verən alim elmin kommersiyalaşdırılması, aktual elmi sahələrdə beynəlxalq əməkdaşlıqların qurulması məsələlərinə toxunub. Dünyanın qabaqcıl ölkələrinin elmi ictimaiyyətini bir araya gətirən konfransın əhəmiyyətindən danışan Y.Amirgaliyev İSİ-nin beynəlxalq sferada gələcək elmi əməkdaşlıqların mərkəzinə çevriləcəyinə əminliyini ifadə edib.

Sonra İSİ-nin laboratoriya müdiri, SİNAM MMC-nin prezidenti Elçin Əliyev ölkədə İKT sahəsinin inkişaf etdirilməsi, hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi, xarici investisiyaların və yüksək ixtisaslı kadrların cəlb edilməsi istiqamətində çıxış edib. Müasir dövrdə istənilən sahədə müvəffəqiyyətin məhz “Dövlət-Özəl-Akademik” əməkdaşlığına əsaslandığını vurğulayan alim məhz bu baxımdan keçirilən konfransın önəmindən söz açıb. E.Əliyev Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən yenidənqurma işlərindən, regionda yaşayış səviyyəsinin yüksəldilməsinə hədəflənən “Ağıllı kənd” layihəsindən söz açıb.

Daha sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) baş katibi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Asəf Hacıyev  “Heydər Əliyev İli”nə həsr olunan və 2006-cı ildən etibarən Bakı şəhərində silsilə şəkildə keçirilən beynəlxalq konfransın tarixindən danışıb, uzun illər sonra aktual problemlərə həsr olunan konfransın yenidən təşkilinə görə institut rəhbərliyinə təşəkkürünü bildirib. Hazırda dünyada ən çox investisiya ayrılan sahələrdən biri olan informasiya texnologiyalarının Azərbaycanda inkişafı istiqamətində görülən işlərdən söz açan alim konfransın sözügedən sahələrdə yeni prioritetlərin müəyyənləşməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Daha sonra konfrans öz işinə plenar sessiya və seksiyalarla davam edib.

Qeyd edək ki, hibrid formatda keçirilən tədbirdə Türkiyə, Polşa, ABŞ, İngiltərə, Gürcüstan, Rusiya, Almaniya, Ukrayna, Rumıniya, Litva, Bolqarıstan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin aparıcı alimləri iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: