AMEA prezidenti, akademik İsa Həbibbəyli Türkiyə Cümhuriyyətində tərəfdaş elmi qurumlarla bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib. Türkiyə Cümhuriyyətinin İctimai və Humanitar Elmlər Akademiyası sayılan Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu başkanı, professor Dərya Özlə görüşüb, onu bu yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Görüşdə bu ilin yanvar ayında AMEA ilə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu arasında imzalanmış müqavilənin həyata keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Tərəflər eyni zamanda, Azərbaycanda Heydər Əliyev İli və Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Həmçinin AMEA prezidenti Yüksək Qurum başqanını Milli Elmlər Akademiyasına dəvət edib.
AMEA rəhbəri Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Dil Qurumu və Tarix Qurumunun başkanları ilə də görüşüb. Dil Qurumunda keçirilən görüşdə 1932-ci ildə Mustafa Kamal Atatürk tərəfindən yaradılmış bu Qurumun öz tarixində ilk dəfə olaraq bu ilin sentyabr ayında Azərbaycanda Milli Elmlər Akademiyası ilə birlikdə Uluslararası Oğuz Türkcəsi Konfransının təşkili ilə bağlı məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilib. Dil Qurumunun başkanı, professor Osman Mərd AMEA-da keçiriləcək Uluslararası Oğuz Türkcəsi Konfransı ilə yanaşı, rəhbərlik etdiyi elmi qurumun ənənəsinə uyğun olaraq AMEA-da türk dünyası üzrə ilin şeir üzrə mükafatçılarının təltif ediləcəyi barədə də məlumat verib. Bundan başqa, AMEA ilə Türk Dil Qurumunun birgə fəaliyyətinə dair tədbirlərin planı razılaşdırılıb.
Tərəflər Dil Qurumunun AMEA ilə birlikdə keçirəcəyi beynəlxalq elmi konfransın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilməsinə dair qərar qəbul ediblər.
Dil Qurumunda keçirilən görüşdə, həmçinin türk dünyasının ortaq mirası olan Orxon yazılı abidələrinin türk dövlətlərinin akademik qurumları ilə birlikdə tədqiq edilməsi məsələləri də müzakirə olunub. Müzakirələrdə Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev də iştirak edib, qaldırılan məsələni dəstəkləməklə yanaşı, həm də rəhbərlik etdiyi elmi təşkilatın əməkdaşlarının hazırda Monqolustanda Orxon vadisində apardıqları arxeoloji qazıntıların ilkin nəticələri haqqında məlumat verib.
Türk Tarix Qurumunda nüfuzlu quruma yeni təyin edilmiş professor Yüksəl Özgenlə keçirilən görüşdə də ikitərəfli əlaqələrin aktual məsələləri müzakirə olunub, qardaş Türkiyənin tarixçi alimlərinin Azərbaycanla bağlı nəşr etdirdikləri əsərlərdən və qarşıda birgə nəşrlərin hazırlanıb çap edilməsi, ortaq tədbirlərin həyata keçirilməsindən bəhs edilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) rəhbəri, professor Hasan Mandalla görüş zamanı Milli Elmlər Akademiyasının elmi jurnallarının TÜBİTAK-ın Ulaqbim – Dərgi Park elektron bazasına daxil edilməsi, humanitar və ictimai elmlər sahəsində süni intellektdən istifadə məsələləri gündəmə gətirilib. Bu məqsədlə oktyabr ayında AMEA-da keçiriləcək birgə işçi seminarın gündəliyi müəyyən olunub.
TÜBİTAK-ın başkanı, professor Hasan Mandalın dəvəti ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Ankara şəhərində keçirilən TEXNOFEST festivalının təntənəli açılış mərasimində iştirak edib. TEXNOFEST festivalı çərçivəsində TÜBİTAK-ın və Türkiyə Elmlər Akademiyalarının pavilyonlarında olan akademik İsa Həbibbəyli burada, həmçinin Türkiyə EA-nın (TÜBA-nın) prezidenti, professor Müzəffər Şəkərlə də görüşüb, qarşılıqlı əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.