Türkiyənin Aydın Adnan Menderes Universiteti, Milli Azərbaycan Tarixi Muzeyi və digər elmi-tədqiqat və təhsil müəssisələrinin təşkilatçılığı ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlıya həsr olunmuş “17-ci Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru (akademik Naila Vəlixanlı armağanı)” adlı konfrans keçirilir.
Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Ukrayna, Albaniya, İran, Türkmənistan, Rusiya, Moldova, Hindistan alimləri müxtəlif mövzularla iştirak edirlər (əyani və onlayn).
Konfransın açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, muzeyin direktoru, akademik Nailə Vəlixanlı, A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov, Aydın Adnan Menderes Universitetinin professoru Ahmet Aytaç, Səlçuk Universitetinin professoru Osman Kunduracı çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.
Plenar iclasdan sonra bədii hissəyə keçid edilib, “Azərbaycanın milli geyimləri” adlı dəfilə izlənilib.
Sonra gənclərin ifasında hər iki qardaş ölkənin birliyinin göstəricisi olan “Çırpınırdı Qara dəniz, baxıb türkün bayrağına” adlı əsər səsləndirilib.
Bədii hissədən sonra konfransda seksiyalar üzrə iştirakçıların məruzələri dinlənilib.
Xatırladaq ki, sözügedən konfrans 2017-c ildə Milli Azərbaycan Tarixi Muzeyində 7-ci “Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru” adı altında keçirilib. Həmçinin ənənəvi olaraq 9-12 may 2022-ci il tarixlərində sözügedən təşkilatçılar tərəfindən keçirilmiş “Uluslararası Balkanlar, Anadolu, Kafkasya ve Türkistan Coğrafyası: Sanat, Kültür, Tarih Ve Folklor Kongresi - sanat etkinlikleri” adlı konfrans Azərbaycanın görkəmli numizmat alimi, muzeyin əməkdaşı olmuş, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəblinin 95 illiyinə həsr olunmuşdur (onlayn).
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.