Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.09.2023 11:18
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının və STEPI-nin birgə təşkilatçılığı ilə növbəti onlayn seminar keçirilib

Yüksək Texnologiyalar Parkının və STEPI-nin birgə təşkilatçılığı ilə növbəti onlayn seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) birgə təşkilatçılığı ilə növbəti onlayn seminar keçirilib.

Tədbirdə Koreyanın “DeltaTech” şirkətinin icraçı direktoru Seung-Ho Linin “Əməkdaşlıq profillərinin yaradılması və açıq innovasiya platforması: Hədəf müştərilər və funksionallıq” mövzusunda məruzəsi dinlənilib.

Qeyd edək ki, 2000-ci ildə yaradılmış “Delta Tech” şirkəti sənaye dəyər zəncirinin formalaşması üçün texnologiya kəşfiyyatı, lisenziyalaşdırma, birgə tədqiqat və inkişaf kimi innovasiya vasitəçiliyi xidmətlərini KOB-lara, startaplara və qlobal müəssisələrə təqdim edən aparıcı innovasiya vasitəçilərindən biridir.

Seminar zamanı STEPI ilə YTP-nin birgə icra etdiyi layihə çərçivəsində yaradılan Texnologiyaların Transferi və Kommersiyalaşdırılması Platformasının (TTCP) iş prinsipinə dair müzakirələr aparılıb, Koreyada olan analoji platformaların fəaliyyətləri əsasında bəzi tövsiyələr verilib.

Onlayn seminarlar növbəti 3 həftə ərzində də davam etdiriləcək.

Seung-Ho Li karyerasına KEPCO-dan (Koreya Elektrik Enerjisi Korporasiyası) başlayıb və KITA-da (Korea Beynəlxalq Ticarət Assosiasiyası) beynəlxalq ticarət məsləhətçisi kimi çalışıb. O, Yaponiyada keyfiyyətə nəzarət ixtisasını öyrəndikdən sonra Böyük Britaniyanın Ulster-Belfast Universitetində MBA (Avropa Biznes Tədqiqatı) və aspirantura (Texnologiya marketinqi) üzrə təhsil alıb. Bir müddət tədqiqat və innovasiya siyasəti üzrə məsləhətçi kimi çalışıb. 2010-cu ildən indiyədək “Enterprise Europe Network”un (Avropa Müəssisələr Şəbəkəsi) əsas proqram menecerlərindən biri kimi fəaliyyət göstərir və Koreya ilə Avropa İttifaqı arasında texnologiya əməkdaşlığı üçün vasitəçilik xidmətində dəstək verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: