Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş konfrans öz işinə başlayıb.
İki gün davam edəcək “Azərbaycan fiziklərinin Türkiyə Respublikasının elm və təhsil sahəsindəki fəaliyyəti” adlı beynəlxalq elmi-praktik konfransın iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, akademik Əziz Əliyevin məzarını ziyarət ediblər, onların əziz xatirəsini ehtiramla anıblar.
Həmçinin Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə və qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün xatirəsinə ucaldılmış heykəl önünə gül dəstələri qoyulub.
Daha sonra tədbirin plenar iclası keçirilib. İclası giriş sözü ilə institutun baş direktoru, akademik Arif Həşimov açıb. O, konfransın əhəmiyyətindən danışıb. Bildirib ki, bu tədbir xalqlar arasındakı dostluq münasibətlərinə, Azərbaycan və Türkiyənin elm və təhsil sahəsində birgə fəaliyyətinə və azərbaycanlı fiziklərin Türkiyədəki elmi fəaliyyətinə verilən yüksək qiymətin nümunəsidir.
Elmi-praktik konfrans icraçı direktor, fizika-riyaziyyat elmləri doktoru Hüseyn İbrahimovun çıxışı ilə davam edib. O, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələr arasındakı elm və təhsil sahəsindəki əməkdaşlıqdan bəhs edib. Qeyd edib ki, Fizika İnstitutunun 60-a yaxın alimi Türkiyədə işləmək üçün dəvət alıb. Alim hazırda qardaş ölkənin elm və təhsil müəssisələrində Fizika İnstitutunun 16 əməkdaşının çalışdığını bildirib.
Tədbirdə Türkiyədə fəaliyyət göstərən azərbaycanlı və türkiyəli alimlərlə canlı bağlantı yaradılıb. Onlar Türkiyə-Azərbaycan münasibətlərindən, azərbaycanlı alimlərin qardaş ölkənin elminə verdiyi töhfələrdən, həmçinin türkiyəli alimlərin Azərbaycan elminin inkişafına vediyi töhfələrdən, eləcə də qarşılıqlı əməkdaşlıqdan bəhs ediblər.
Konfrans öz işini elmi məruzələrlə davam etdirir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.