Sentyabrın 12-də AR Mədəniyyət Nazirliyinin Hüseyn Cavidin Ev Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin sevimli qızı, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, görkəmli muzeyşünas və mətnşünas Turan Cavidin anım günü ilə əlaqədar tədbir keçirilib. Qeyd olunub ki, Turan Cavid ömrünü atası Hüseyn Cavidin irsinin qorunmasına, təbliğinə, nəşrinə və tədqiqinə həsr etmiş, şairin Bakıdakı Ev Muzeyinin yaradılmasında və fəaliyyətində əlindən gələni əsirgəməmişdir. Turan xanımın 1991-2004-cü ilərdə Hüseyn Cavidin Ev Muzeyinə rəhbərlik etdiyi müddətdə ədibin tam külliyyatının elmi-tənqidi mətnini hazırlaması isə onun Hüseyn Cavidin xatirəsinə ucaltdığı ən möhtəşəm abidə kimi qiymətləndirilib.
Daha sonra tədbir iştirakçıları Turan Cavidin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən danışıblar. Ümummilli Lider Heydər Əliyevin onun şəxsiyyətinə olan dərin hörmət və ehtiramından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onun dəfni ilə əlaqədar imzaladığı müvafiq sərəncamdan, uzun illər rəhbərlik etdiyi muzeyin hazırkı direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının nəşrə hazırladığı “Turan Cavid. Ömür salnaməsi” kitabından söhbət açıblar, Çıxışçılar Hüseyn Cavidin Ev Muzeyinin Turan Cavidin şah əsəri olduğunu söyləmiş, onun səliqəsinin bu gün də muzeyin ekspozisiya zallarında qorunduğunu, dahi şairin yaradıcılığının təbliğində onun üslubunun gözlənildiyini, muzey əməkdaşlarının bu mətin Azərbaycan xanımının mədəni irsimizə sədaqətlə xidmət ənənələrinə sadiq qaldığını nəzərə çatdırıbar.
Qeyd edək ki, bu il oktyabr ayının 2-də Turan Cavidin anadan olmasının 100 illik yubileyi tamam olur. Bu münasibətlə cari ilin oktyabr ayında – “Cavidlər ayında” Hüseyn Cavidin Ev Muzeyində bir sıra silsilə tədbirlər keçiriləcək. Həmçinin bu yubiley münasibəti ilə “Turan Cavid xatirələrdə” adlı kitab nəşrə hazırlanıb.
Turan Cavidin ömür tarixçəsini onun özündən daha yaxşı heç kəsin təqdim edə bilməyəcəyini nəzərə alıb, öz əli ilə qələmə aldığı və muzeyin fondunda dəyərli eksponatlardan biri kimi qorunan tərcümeyi-halını təqdim edirik.
“Mən, Turan Cavid Hüseyn Cavid qızı 1923-cü il oktyabrın 2-də Bakı şəhərində yazıçı ailəsində anadan olmuşam. 1939/40-cı dərs ilində Caparidze rayonundakı 189 nömrəli orta məktəbi bitirmişəm. 1942-ci ildə Az. SSR XKS yanında Radio verilişləri Komitəsində arxivarius vəzifəsinə qəbul olunmuşam. 1943-cü ilə qədər bu vəzifədə çalışdıqdan sonra, 1943-1944-cü illərdə ədəbi-dram və uşaq-gənclər şöbələrində məsul redaktor vəzifələrində çalışmışam.
1944-45-ci illərdə Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyində kiçik elmi işçi vəzifəsində işləmişəm.
1945-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun (M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universiteti (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) teatrşünaslıq fakültəsinə daxil olub, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişəm.
İnstitutda oxuduğum zaman, 1948/49-cu illərdə “Teatr tarixi” kafedrasında baş laborant vəzifəsində çalışmışam. İnstitutu bitirdikdən sonra isə orada müəllim vəzifəsində saxlanılmış və 1950-1952-ci illərdə “Azərbaycan teatrı tarixi” fənnindən dərs vermişəm. 1952-ci ildə dərs yükü azaldığından saat hesabı dərs verməyə keçirilmiş və bu işi 1983-cü ilə qədər davam etdirmişəm.
1951-ci ildə Azərbaycan KP MK yanında axşam Marksizm-Leninizm Universitetinə daxil olub, 1953-cü ildə oranı bitirmişəm.
1953-1962-ci illərdə Azərbaycan Dövlət Teatr muzeyinin Arxiv-memuar fondunda elmi işçi vəzifəsində işləmişəm. 1962-ci ilin sonlarında Teatr muzeyi konservasiya edilərək Nizami muzeyinin “Teatr və dramaturgiya” şöbəsinə çevrildikdən sonra kiçik elmi işçi vəzifəsində çalışmışam. 1968-ci ildə C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr muzeyi fəaliyyətini yenidən müstəqil olaraq davam etdirəndə muzeydə direktor vəzifəsinə təyin olunmuşam.
10 illik çalışmalardan sonra nəhayət Hüseyn Cavidin xatirə muzeyi yarandı və mən Mədəniyyət Nazirinin 16 aprel 1991-ci il 74-k №-li əmrinə əsasən Teatr muzeyindən Hüseyn Cavidin xatirə muzeyinə keçirildim.
Atam, Hüseyn Cavid Az.SSR XDİK tərəfindən 04.06.1937-də həbs olunaraq 8 il azadlıqdan məhrum edilmişdi. 1956-cı ildə bəraət almışdır. 1941-ci il dekabrın 5-də sürgündə – İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etmişdir. 1982-ci ilin oktyabr ayının 26-da Heydər Əliyevin sərəncamı ilə cənazəsi tapılıb gətirilərək Naxçıvan şəhərində dəfn edilmişdir.
Anam, Mişkinaz Cavid 1902-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 1976-cı il noyabrın 16-da Bakı şəhərində vəfat etmişdir.
Qardaşım, Ərtoğrol Cavid 1919-cu il oktyabrın 22-də Bakı şəhərində anadan olmuşdur. 1942-ci ildə əsgərliyə çağrılmış, “xalq düşməninin oğlu” kimi Gürcüstanda fəhlə batalyonunda işləmişdir. Orda ağır xəstələnərək (vərəmə tutulmuş), 1943-cü ilin sentyabrında ağır halda Naxçıvana aparılmış və 14 oktyabr 1943-cü ildə orda vəfat etmişdir.
SSRİ Ali Sovetinin Rəyasət heyətinin 1971-ci il 2 iyun tarixli fərmanı ilə “Əmək rəşadətinə görə” medalı ilə təltif olunmuşam.
Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin 1982-ci il 3 dekabr tarixli fərmanı ilə “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir.
16 aprel 1991”.
Turan Cavid ömrünün sonuna qədər Hüseyn Cavidin Ev Muzeyində direktor vəzifəsində çalışmış, 2004-cü il sentyabr ayının 12-də vəfat etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 13 sentyabr 2004-cü ildə Hüseyn Cavidin məqbərəsində, ailənin digər üzvlərinin yanında dəfn olunmuşdur.
Turan xanımın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.