Professor Xəlil Yusifli 1998-ci ildə Bakı Dövlət Universitetində nəşr edilən “Dil və ədəbiyyat” jurnalının 2-ci nömrəsində “Şeyx Nizaminin oğlu Məhəmmədin şairliyi və bir beyti” məqaləsində yazırdı: “Hələ otuz il bundan öncə, Bakıda işlədiyim vaxtlarda Tehran Universitetinin Mərkəzi Kitabxanasının kataloqlarını gözdən keçirdiyim zaman maraqlı bir qeydə rast gəlmişdim. Həmin kitabxanada saxlanılan bir cüngdə başqa şairlərlə yanaşı, Nizaminin oğlu Məhəmmədin də şeiri olduğu göstərilirdi. İran alimi Daneş Pejuh Tehran Universiteti Mərkəzi Kitabxanasının əlyazma kitablarının kataloqunun XIV cildində aydın şəkildə yazırdı ki, həmin kitabxananın əlyazmaları şöbəsində saxlanılan 4715 saylı cüngdə Ənvəri, Əmir Xosrov Dəhləvi, Əssar Təbrizi, Əbdürrəhman Cami, Sədi və b. şairlərin şeirləri ilə yanaşı Nizaminin oğlu Məhəmmədin də şeiri qorunmaqdadır. Düz otuz il bu cüngü görmək, bu qeydin nə dərəcədə doğru olduğunu müəyyənləşdirmək arzusunda olmuşam. Mən elə düşünmürəm ki, bu qeyri-adi bir hadisədi. Ancaq Nizami kimi bir dühanın tərcümeyi-halı, onun övladı Məhəmmədin hayatı ilə bağlı bir dəlil kimi, məncə, qiymətlidir.
Nəhayət, 1998-ci ilin fevral ayında həmin cüngü görə bildim. İranın Azərbaycandakı səfiri Ə.Beqdeli İrana getmək üçün viza almaqda mənə kömək etdi. Bu iş üçün ona təşəkkürümü bildirirəm. Dostum Ə.Səfərlinin İranda səfir olmağını, həmin vaxt İranda bir kitabımızın çıxdığını da nəzərə alıb İrana yola düşdüm. Yeddi gün Tehranda qaldım. Elə ilk gün Tehran Universitetinə yollandım. Təəssüf ki, həmin gün və səhərisi İranda iş günü deyilmiş. İki gün gözləyəndən sonra universitetə getdim. Kitabxananın əlyazmaları şöbəsində bildirdilər ki, əlyazmaları şöbəsinə baxan şəxs gəlməmişdir. Səhərisi gün yenə iş günü deyildi. İmam Sadiqin ölüm günü ilə bağlı, çox yer, o cümlədən Tehran Universiteti işləmirdi. Mən ancaq Tehranda olduğum beşinci gün istədiyim əlyazmanı görə bildim. Əlyazmaları şöbəsinin əməkdaşları məni gülərüzlə qarşıladılar və istədiyim əlayzmasını tezliklə mənə gətirdilər. Bu işdə mənə ehtiramla qulluq edən əlyazmaları şöbəsinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm”!
Xəlil müəllimin əldə etdiyi Məhəmmədin şeiri bu idi:
Pəs əz omri şəbi baline xod an aşeyan didəm,
Məne-meskin beomre-xiş asayeş həman didəm.
Tərcüməsi:
Ömür keçdi, gecə balıncımı mən o məkan gördüm,
Yazıq mən ömrüm ərzində rahatlıq o zaman gördüm. ("Dil və ədəbiyyat" jurnalı. BDU nəşri, Bakı,1998.N-2. (20)).
Əməkdar elm xadimi, professor Xəlil Yusiflinin elmi irsindən gətirdiyimiz bu nümunədə məqsəd, əlbəttə ki, görkəmli alimin Nizami Gəncəvi yaradıcılığına vurğunluğunu göstərməklə yanaşı, eyni zamanda örnək, nümunəvi bir alim ömrünün sözlə çəkilmiş portretini təqdim etmək istədik.
Düz 30 il bu qədər istək və həyəcanla gözləmək! Bu hadisə Xəlil müəllimin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyətinə, irsinə, şəcərəsinə olan məhəbbətinin sadəcə bir anıdır. Hətta deyərdim ki, bizim görə və oxuya bildiyimiz bir an! Ancaq Xəlil müəllimin Nizami Gəncəviyə olan və bizlərin görə, duya bilmədiyi sevgi isə ölçüyə gəlməz miqdarda çox idi! Onun Nizami Gəncəvi ilə ruhi bağlantılarını isə ancaq o özü bilirdi və yaşayırdı.
Professor Xəlil Yusiflinin Nizami Gəncəvi tədqiqatlarının, araşdırmalarının sadəcə kiçik bir məqamını, damlasını özündə əks etdirən bu hadisə özlüyündə bir tədqiqatçının həm sağlığında, həm də özündən sonra gələn nəsillər üçün müəyyənləşdirdiyi bir proqram, yol xəritəsidir. Bu yol xəritəsi, eyni zamanda, səmimi əziyyəti, əzablı, keşməkeşli yolları, istiqamətləri göstərsə də, bu işin müsbət nəticəsini, meyvəsini də göstərən bir fəaliyyətdir. Bu istiqamət hər bir insanı potensial imkanlarından istifadə etməyə çağırır. Bu məqamda dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında səsləndirdiyi və Xəlil müəllimin də tez-tez ifadə etdiyi bir beyti xatırlamaq yerinə düşərdi:
Çox iti zehinlər yatan oldular,
Axırda saxsı qab satan oldular.
Professor Xəlil Yusifli hər zaman gəncləri çalışqanlıq ruhunda olmağa, həvəslə, ardıcıl, davamlı elmi fəaliyyətlə məşğul olmağa çağıraraq yenə də Nizami Gəncəvinin sözləri ilə bizlərə yüksək elmi istiqamət verir və deyirdi ki, Nizami Gəncəvi yazır ki, elə bir gün olmayıbdır ki, yeni bir şey öyrənmədən başımı yastığa qoyum. Və bu örnəklərlə o, bizləri gerçək elmə, zəhmətə çağırırdı.
Professor Xəlil Yusifli bir Nizami aşiqi idi. Xatirimdədir. 15-18 iyul 2022-ci il tarixlərində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilmiş “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” mövzulu konfransda iştirak etmək üçün Bakı şəhərinə gələn Pakistan İslam Respublikasının Lahor Dövlət Kollec Universitetinin alimləri - həmin universitetin Urdu dili kafedrasının müdiri, professor Saima İram, kafedranın dosenti Almaz Xanum, Ərəbşünaslıq və İslamşünaslıq kafedrasının müdiri, Dr. Hafiz Məhəmməd Nayem, Fars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi, Urdu dili kafedrasının dəvət olunmuş məruzəçisi Məhəmməd Hammad Niyazi və başqaları akademik İsa Həbibbəylinin təşəbbüsü ilə 17 iyul 2022-ci ildə Gəncə şəhərinə - Nizami Gəncəvi məqbərəsinə səfərə gəldilər. Əlbəttə ki, buradakı məqsəd həm dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət edib onun bu toroağın yetirməsi olduğunu əyani olaraq göstərmək, həm də qardaş dövlətin alimlərinə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni, onun tarixini, ədəbiyyatını,tarixi abidələrini, mühitini, 44 günlük Vətən müharibəsində düşmənin xain təxribatları nəticəsində şəhərin və şəhər əhalisinin məruz qaldığı qırğınları, dağıntıları göstərməklə, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun və mərd xalqımızın əldə etdiyi tarixi qələbəni qonaqlara çatdırmaq idi. Həmin gün Xəlil müəllim ilə birlikdə gün boyunca qonaqlarla birlikdə olduq. Baxmayaraq ki, həmin ərəfələrdə havalar olduqca isti idi, eyni zamanda Xəlil müəllimin səhhətində bəzi narahatlıqlar var idi, ancaq o, bu qarşılamada, qonaqlara tarixi mənbələrə əsaslanmaqla sevgi ilə, həvəslə məlumat verdi və onlarla birlikdə oldu. Bu hadisə də öz növbəsində biz gənclər üçün Vətənimizə, klassik irsimizə, milli mənəvi dəyərlərimizə olan məhəbbətin bir örnəyi idi.
Xəlil müəllim öz nadir hafizəsi və qədim əlyazmalara olan vaqifliyi ilə dünyanın hər yerində Nizami Gəncəvinin milli mənsubiyyətini, Azərbaycan mütəfəkkiri olmasına kölgə salmağa çalışanlara qarşı mübarizə apararaq Nizami Gəncəvini qoruduğu kimi, Nizami Gəncəvinin ruhu da daim onu qoruyar və hifz edərdi. Bir gün birlikdə olduğumuz günlərin birində maraqlı bir söhbət etdi: “1968-ci ildə yazdığım “Nizaminin lirikası” kitabında yazmışam ki, Nizami özü deyir ki, biz türkük, biz Əfrasiyab nəsliyik. Nizami Gəncəvi hər zaman türklüyü uğrunda, bu ərazinin qədim türk ərazisi olması olması uğrunda mübarizə aparıb. Nizami deyirdi ki, biz Türk Midiyanın davamıyıq. Ərəb coğrafiyaçıları yazır ki, Qafqaz dağları Bərdənindir. Yəni bütün bu dağlararası Alban dövləti, Türk dövləti olub. Nizami də məhz bunları əsərlərində əks etdirib”. Və mən soruşdum ki, Xəlil müəllim, sovetlər dönəmində bunları demək mümkün idi?! Cavab verdi ki, mümkün deyildi, sadəcə mən hər zaman hiss etmişəm ki, Nizaminin ruhu məni çox böyük bəlalardan hifz edibdir.
Professor Xəlil Yusiflini ömrünün son dövrlərində ən çox fərəhləndirən, sevindirən hadisələrdən biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı imzaladığı Sərəncam oldu. Hədsiz dərəcədə sevinirdi bu hadisəyə. 24 dekabr 2021-ci ildə “Qızıl qələm” laureatlı jurnalist Vaqif Tanrıverdiyevə “Respublika” qəzetində verdiyi “Nizami Gəncəvi İli” dahi şairin ölməz irsinə yaradıcı münasibətdə yeni mərhələdir” başlıqlı müsahibəsində deyirdi: “Nizami Gəncəvi yaradıcılığına xüsusi diqqətin, dahi şairin ölməz ədəbi irsinə qayğının təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. O hakimiyyətə gəldiyi ilk günlərdən bütün ədəbi tədbirlərdə, ədəbiyyat, incəsənətlə bağlı bütün mərasim və yubileylərdə Nizami Gəncəvini təkcə Şərqin deyil, dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi dəyərləndirmiş, dahi şairin yaradıcılığına xüsusi qiymət vermişdir. Nizami Gəncəvinin Gəncə şəhərindəki möhtəşəm məqbərəsi də Ulu Öndərin Nizami irsinə ehtiramının ifadəsidir. 1978-ci ildə məqbərənin tikilməsi haqqında qərara əsasən, abidə sadəcə beton karkasdan düzəldildi. Lakin 1990-cı ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü olarkən imkanlarından istifadə edərək hazırkı məqbərənin ucalmasına nail oldu. Əsl sənət nümunəsi olan məqbərənin yenidən qurulması böyük əziyyətlər hesabına başa gəldi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Nizami Gəncəvi 840 illiyinin qeyd olunması haqqında Sərəncam İttifaq miqyasında birmənalı qarşılanmadı. O vaxt SSR MK-nın katibi, Siyasi Büronun üzvü Mixail Suslov bu qərara etiraz etdi. Heydər Əliyev qətiyyətlə bildirdi ki, Nizami Gəncəvi elə dahi sənətkarlardandır ki, onun yubileyini hər il keçirmək lazımdır. Siyasi Büro da Heydər Əliyevin təklifini dəstəklədi. Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı Nizami Gəncəvi irsinə ehtiramın təcəssümü və müstəqillik dövrü Azərbaycan nizamişünaslığının inkişafına yönəlmiş qiymətli bir tarixi sənəddir”.
Professor Xəlil yusifli iki əsrin XX və XXI əsrin Azərbaycan və dünya nizamişünaslarının tanınmş isimlərindən biridir. Onun adına, yaradıcılığına, elmi irsinə Avropa, Asiya eləcə də Amerika qitəsində Şərq fəlsəfəsi ilə, ədəbiyyatı ilə məşğul olan görkəmli elm adamları, ictimai-siyasi xadimlər hər zaman yüksək dəyər vermiş və böyük hörmətlə xatırlamışlar. Xüsusilə vurğulamaq lazımdır ki, dahi mütəfəkkirin 870 illik yubileyi ərəfəsində professor Xəlil Yusiflinin təkcə nizamişünas alim deyil, eyni zamanda klassik ədəbi irsimizin görkəmli tədqiqatçısı kimi fəaliyyəti yalnız Azərbaycanlı alimlərin deyil, həm də xarici ölkələrin görkəmli alimləri və dövlət adamları tərəfindən də yüksək qiymətləndirilmişdir. Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin həmsədri, Misirin “İsgəndəriyyə” kitabxanasının sabiq direktoru İsmayıl Seragəldin, İngiltərənin Oksford Univeritetinin professor Syuzan Qrinfild kimi alimlər Xəlil Yusiflinin tədqiqatlarının, araşdırmalarının olduqca əhəmiyyətli olduğunu vurğulamışlar.
Azərbaycanlı alimlərdən: Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli: “Professor Xəlil Yusifli Azərbaycan nizamişünaslarının və klassik ədəbiyyatımızın tədqiqatçılarının bir neçə nəslini formalaşdıran alim idi”.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov: “İki qat, üç qat əziz Xəlil müəllim varlığı ilə Gəncənin elm mühitinə sanbal gətirən qiymətli bir alim idi”.
AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev: “Professor Xəlil Yusifli o nizamişünas alimlərdən idi ki, onun tədqiqatları, əsərləri Nizami Gəncəvinin ən qədim əlyazmalarına əsaslanırdı, onların əsasında qururdu işlərini”.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli: “Professor Xəlil Yusifli klassik ədəbiyyatşünaslığımızın korifeylərindən idi”.
Ruhunuz şad, məqamınız uca olsun, Xəlil müəllim!
Əlimuxtar MUXTAROV, AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.