AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu “Məhəmmədhüseyn Şəhriyar və milli-mənəvi dəyərlər” mövzusunda elmi konfrans keçirib.
Konfransı giriş sözü ilə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev açıb.
Alim əvvəlcə fitri istedada malik şairin keşməkeşli ömür yolu barədə konfrans iştirakçılarına məlumat verib, Azərbaycanın şimal və cənubu arasında mədəni əlaqələrin möhkəmləndirilməsində və yenidən canlanmasında Məhəmmədhüseyn Şəhriyarın mühüm rolunu qeyd edib. Şəhriyar yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən danışan professor Ulu Öndər Heydər Əliyevin şairin irsinə, dərin məzmunlu yaradıcılığına rəğbətindən söz açıb. Vurğulanıb ki, dövrün çətin siyasi rejiminə rəğmən məhz Ümummilli Liderin göstərişi ilə ötən əsrin 70-ci illərinin sonlarında Azərbaycanın şimalında yazıb-yaradan şairlər ustad Şəhriyarla əlaqə yaratmış, məktublaşmışlar. Bu bacarıqlı dövlət xadimi Heydər Əliyevin cənubdakı nüfuzu sayəsində mümkün olmuşdur.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Şəhriyar poeziyası türk dünyasının ortaq mənəvi xəzinəsidir” mövzusunda məruzə edib.
Məruzəçi diqqətə çatdırıb ki, bəzi şair və yazıçıların yaradıcılığında folklora meyillilik çox güclüdür. Bu xüsusiyyət həmin qələm sahiblərinin boya-başa çatdıqları mühitə sıx bağlı olmalarından qaynaqlanır. Məhəmmədhüseyn Şəhriyar məhz bu keyfiyyətlərə sahib şair, təkcə Azərbaycan türklərinin deyil, Türk dünyasının, eyni zamanda farsdilli ədəbiyyatın görkəmli nümayəndəsidir. “Şəhriyarın şeirlərində şifahi xalq ədəbiyyatı nümunələri bizə öz kimliyimizi xatırlatmaqla qalmır, eyni zamanda zəngin folklorumuzun yaşadılmasında da böyük rol oynayır”, - deyən alim şairin yaradıcılığından gətirdiyi nümunələr əsasında folklor nümunələrinin işlədilməsi, dərin mənalı fikirlərin ustalıqla təsviri məsələsinə diqqət çəkib.
İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Azərbaycan ədəbiyyatının Heydərbabası - Məhəmmədhüseyn Şəhriyar” adlı məruzəsində şairin anadilli şeirimizin zənginləşməsindəki müstəsna xidmətlərindən söz açıb.
Ustad Məhəmmədhüseyn Şəhriyarı bəşəri olduğu qədər, həm də milli şair adlandıran alim qeyd edib ki, Şəhriyar öz şeirlərində milli məsələləri ümumiləşdirməyə və təqdim etməyə nail olmuş, sadə və anlaşıqlı dildə yazdığı əsərləri ilə xalqın dərdlərinin haqq səsi olmuşdur. Onun yaradıcılığında ana dilimizə məhəbbət, xalqın min illərlə tarixini özündə yaşadan, el birliyi və həmrəylik bağları olan adət-ənənələr xüsusi yer tutur. Şair bütün qəlbi və ruhu ilə yazdığı ölməz “Heydərbabaya salam”, o cümlədən “Səhəndiyyə”, “Türkün dili” və başqa əsərlərində öz vətəndaşlıq mövqeyini ifadə etmiş, özünün əzəmətli vətəndaşlıq portretini yaratmışdır.
“Şəhriyar dilində dialektizmlər” mövzusunda məruzə edən Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva şairin yaradıcılığında ədəbi dil normalarının əksi məsələsinə, “Heydərbabaya salam” poemasında Təbriz dialekti üçün səciyyəvi olan qanunauyğunluqlara nəzər salıb. Bu dialektin Naxçıvan, xüsusilə Ordubad şivəsi ilə oxşarlıqlarından, eləcə də Şəhriyar yaradıcılığında böyük önəm təşkil edən Azərbaycanın bütövlüyü problemindən bəhs edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.