Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.09.2023 16:28
  • A-
  • A
  • A+

Türkiyəli qonaqlar Nizami Muzeyini ziyarət ediblər

Türkiyəli qonaqlar Nizami Muzeyini ziyarət ediblər

2023-cü ildə mədəniyyət sahəsində həyata keçirilən müxtəlif layihələr çərçivəsində ölkəmizə Türkiyənin mədəniyyət və incəsənət xadimləri, o cümlədən turistlər gəlməkdədir. Qardaş ölkədən gələn turistlər paytaxt Bakı, 2023-cü idə Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şuşa, Şamaxı, Gəncə də daxil olmaqla respublikamızın müxtəlif bölgələrinə səfərlər edirlər.

Türkiyə Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət müşavirliyinin xətti ilə təşkil olunmuş səfər çərçivəsində paytaxtımızı ziyarət edən turistlər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar. Muzeyi böyük maraqla gəzən qonaqlar qədim və zəngin Azərbaycan ədəbiyyatının keçdiyi inkişaf yolu ilə tanış olaraq, klassik və müasir şair və ədiblərin həyat və  yaradıcılığı haqqında məlumat əldə ediblər.

Qonaqlar Türk dünyasının ana kitabı sayılan və ilk “Oğuznamə”lərdən olan “Kitabi-Dədə Qorqud” dastanına, ortaq türk mədəniyyətini təmsil edən “Divani-luğatit-Türk”, “Kutadqu-Bilik” kimi ədəbi abidələrə həsr olunmuş ekspozisiya guşələrinə xüsusi diqqətlə tamaşa ediblər.

Nizami Muzeyinin zəngin ekspozisiya zallarında Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış olan ziyarətçilər sonda muzeyin “Rəy kitabı”nda öz təəssüratlarını bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: