AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Milli Musiqi Günü münasibətilə həmin institutun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı, dahi bəstəkar Üzeyir Hacıbəylinin əlyazmaları və musiqi əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib.
Əlyazmalar İnstitutunun Ekspozisiya zalında baş tutmuş tədbiri giriş nitqi ilə institutun baş direktoru, akademik Teymur Kərimli açaraq Azərbaycan mədəniyyəti tarixinə böyük töhfələr vermiş, milli opera sənətinin banisi kimi daxil olmuş Üzeyir Hacıbəylinin yaratdığı dünya şöhrətli musiqi incilərindən, onun milli musiqi mədəniyyətimizin dünyada tanıdılması sahəsində əvəzsiz xidmətlərindən bəhs edib. Bildirib ki, bu gün adını çox iftixarla yad etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf istiqamətinin və milli peşəkar bəstəkarlıq məktəbinin özülünü qoymaqla Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır.
Bakı Musiqi Akademiyasının Humanitar fənlər kafedrasının müdiri, fil.e.d., professor Tərlan Quliyev, Azərbaycan Milli Konservatoriyasının Humanitar fənlər üzrə kafedra müdiri, fil.ü.f.d., dosent Firudin Qurbansoy, Əlyazmalar İnstitutunun alimləri - Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.e.d., professor Kamandar Şərifov, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, fil.e.d., professor Raqub Kərimov, Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi, “Üzeyir Hacıbəyovun şəxsi arxivinin təsviri” kitabının həmmüəllifi Aytən İmanova və elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə çıxışlarında bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, milli musiqimizə xidmət edən görkəmli bəstəkar Üzeyir Hacıbəylinin zəngin və qiymətli ədəbi irsindən bəhs edib, həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərinin bu unudulmaz şəxsiyyətə məxsus olduğunu vurğulayıblar. Çıxışçılar onun şəxsi arxivində qorunan nadir sənədlər haqqında da məlumat verib, onun həyat və yaradıcılığının daha dərindən öyrənilməsi üçün bu nadir xəzinənin misilsiz əhəmiyyətindən danışıblar.
Tədbirin sonunda iştirakçılar Əlyazmalar İnstitutunun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı Üzeyir Hacıbəylinin əlyazmaları və musiqi əsərlərindən ibarət sərgi ilə tanış olublar. Tamaşaçılara sərgi haqqında qısa məlumatı həmin şöbənin böyük elmi işçisi Sevinc Dadaşova verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.