Məlum olduğu kimi, rəqəmsal transformasiyalar ölkəmizdə Dördüncü Sənaye İnqilabının çağırışları və süni intellekt texnologiyalarının tətbiqi kontekstində müasir dünyanın çağırışlarına müvafiq olaraq həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Ölkəmizdə informasiya cəmiyyətinin formalaşması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan əhəmiyyətli addımlar, görkəmli dövlət xadiminin qəbul etdiyi Fərman və sərəncamlar hazırda bu sahədə həyata keçirilən genişmiqyaslı işlərin təməlini təşkil edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanda informasiya cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etməsi nəticəsində bu gün ölkəmizdə “Elektron hökumət” formalaşıb. Hazırda respublikada yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi üzrə mühüm işlər həyata keçirilməkdədir. Bu baxımdan ölkəmizdə elektron imza, elektron sənəd dövriyyəsi, kargüzarlıq xidmətlərinin avtomatlaşdırılması kimi proseslər geniş tətbiq olunmaqdadır.
Prezident İlham Əliyevin rəhbərliyi və dəstəyi ilə ölkəmizdə informasiya cəmiyyətinin qurulması və daha da inkişaf etdirilməsi istiqamətində aparılan mühüm proseslər AMEA-da da bu sahədə kompleks tədbirlərin prioritet qaydada icrasını zəruri edib. Görülən işlərə adekvat olaraq Azərbaycan Milli Elmlər Akademiyasında qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, elektron elmin inkişafının, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda cari ilin əvvəllərində “Elektron Akademiya” şöbəsi yaradılmışdır.
Keçmiş postsovet ölkələrinin Elmlər Akademiyaları arasında ilk dəfə olaraq AMEA-da yaradılan “Elektron Akademiya” şöbəsinin AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin tapşırıqları əsasında gördüyü işlər nəticəsində ötən müddət ərzində Akademiyada elektron informasiya mühitində fəaliyyət daha da genişləndirilmiş, rəqəmsal tranformasiyalar sürətlənmiş, elektron hərəkat başlanılmış, yeni-yeni istiqamətlərdə bir sıra zəruri addımlar atılmışdır. Şöbə internet resurslarından, müasir texnologiyalardan elmi tədqiqatların təşkilində və elmi idarəetmədə istifadə olunması, alimlərimizin nüfuzlu elmi bazalara daxil olan elmi jurnallarda nəşrlərinin sayının artırılması, milli-mənəvi dəyər kəsb edən məlumatların, elmi nailiyyətlərimizin açıq elektron nəşrlərdə müntəzəm yerləşdirilməsi, beynəlxalq elmi bazalarda müxtəlif vebometrik və elmmetrik göstəricilər üzrə AMEA-nın elmi tədqiqat müəssisələrinin, dövri elmi jurnalların, həmçinin alimlərimizin fərdi elmi tədqiqat fəaliyyətinin qiymətləndirilməsinə dair məlumatların monitorinqinin aparılması, elmmetrik araşdırmaların təşkili və s. sahələrdə kompleks tədbirlərin həyata keçirilməsi istiqamətində uğurla fəaliyyət göstərməkdədir. Belə ki, ötən dövr ərzində şöbənin əməkdaşları tərəfindən 5 veb-sayt yaradılmış, 268 məqaləyə DOİ identifikatoru verilmiş, həmçinin şöbənin təşkilatçılığı ilə keçirilən “Vikipediya” təlimlərinə Akademiyanın elmi müəssisələrinin əməkdaşları cəlb olunmuş və qısa müddətdə bu virtual məkanda Azərbaycan, eləcə də xarici dillərdə 1300-dən çox məqalə yaradılmış, yaxud redaktə və ya tərcümə edilmişdir. Bundan başqa, AMEA əməkdaşları tərəfindən “Google Scholar”da 625 yeni profil yaradılmış, son aylar ərzində əməkdaşların əksəriyyəti ORCİD və s. İD-yə malik olmuş, sosial şəbəkələrdə də yeni profilləri yaradılmışdır.
Qeyd olunanlarla yanaşı, Akademiyada elektron sənəd dövriyyəsi istiqamətində fəaliyyətin daha da təkmilləşdirilməsinə, genişləndirilməsinə və sistemləşdirilməsinə ehtiyac duyulması nəzərə alınaraq AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkə başçısının “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” 1 avqust 2023-cü il tarixli Fərmanından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə keçirdiyi müşavirədə müvafiq tapşırıqlar vermişdir. AMEA prezidentinin tapşırıqlarınaa əsasən, hazırda Akademiyada elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili barədə mövcud təkliflərin araşdırılması, AMEA-nın şəbəkə infrastrukturunun texniki təftiş edilməsi, AMEA-nın elmi müəssisələri üzrə elektron sənəd mübadiləsi sisteminin istifadəsinə məsul şəxslər üçün təlimlərin təşkili və s. istiqamətlərdə işlər görülməkdədir.
Əminliklə demək olar ki, AMEA-nın elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və sistemləşdirilməsi yeniləşən Akademiyanın qarşısında duran başlıca vəzifələrdəndir. AMEA-nın üzərinə düşən bu məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gələcəyinə inanırıq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.