Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 27 Sentyabr-Anım Günü münasibətilə tədbir keçirilib.
Öncə tədbir iştirakçıları I və II Qarabağ Müharibəsi şəhidlərinin və son dövrlərdə aparılan antiterror əməliyyatları zamanı həlak olan Vətən oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
İclası giriş sözü ilə açan institutun baş direktoru, akademik İradə Hüseynova bildirib ki, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Akademik İradə Hüseynova Azərbaycan Ordusunun bünövrəsinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilərək dünyanın ən müasir silahları ilə təchiz olunmuş qüdrətli orduya çevrildiyini qeyd edib. 44 günlük Vətən müharibəsi dövründə ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə baxmayaraq prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edib, məqsədyönlü, ardıcıl siyasət aparıb və bütün bunların nəticəsi olaraq tarixi qələbə qazanılıb. Azərbaycanın döyüş meydanında əldə etdiyi parlaq qələbə elə gözəl bir nəticəyə gətirib çıxarıb ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan, şəhid vermədən Azərbaycana qaytarılıb. Biz torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizlə, sağlamlığını itirmiş qazilərimizlə, vətən üçün belə igidlər yetişdirmiş şəhid və qazilərin valideynləri ilə fəxr edirik. Biz otuz illik işğala son qoymuş və ərazi bütövlüyümüzü bərpa etmiş Ali Baş Komandanımız və ordumuzla fəxr edirik. Bu gün və bundan sonra da cənab Prezidentin qeyd etdiyi kimi Azərbaycan xalqı müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Tədbirdə çıxış edən Vətən müharibəsinin iştirakçısı, qazi Ceyhun Abdullayev xalqımızın bir yumruq kimi Azərbaycan bayrağı altında birləşərək Vətən uğrunda həmişə ölümə getməyə hazır olduğunu bildirib. AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev və Birinci Qarabağ müharibəsinin veteranı Nurməmməd Mustafayev Ali Baş Komandanımızın siyasi iradəsi, ordumuzun şücaəti, əsgər və zabitlərimizin canı, qanı bahasına Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu, haqq-ədalətin öz yerini tapdığını qeyd ediblər. Daha sonra Birinci Qarabağ müharibəsi zamanı yaxınlarını itirən Ələmdar Məmmədov, Fəzail Məmmədov və Qənfilə Bayramova o qanlı günlər haqqında xatirələrini bölüşüb və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün daim şəhidlərə və qazilərə borclu olduğumuzu qeyd ediblər.
Tədbirin sonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.