Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Bakı və Şamaxı bölmələrində Anım günü tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov tədbiri açaraq, Azərbaycanın çoxəsrlik tarixində keçdiyi çətin sınaqlardan danışıb. Alim qeyd edib ki, ölkəmiz dəfələrlə işğala məruz qalsa da, məhz vətənin qeyrətli övladlarının qətiyyəti və xalqın fədakar mübarizəsi nəticəsində dövlətçilik irsini və müstəqilliyini qoruyub saxlaya bilib. Bu qanlı mübarizələrdə xalqımız çox sayda igid övladını vətən uğrunda qurban verib. Vətən müharibəsində də 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi məhz igid oğullarımızın cəsarəti, şücaəti, o cümlədən şəhadəti bahasına başa gəldi.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmasına cavab olaraq şanlı ordumuz bütün cəbhəboyu əkshücum əməliyyatlarına başladı. Əkshücum əməliyyatları zamanı yalnız hərbi təyinatlı hədəflərə atəş açmaqla müharibə qanunlarına və humanizm prinsiplərinə sadiqliyini bütün dünyaya göstərən müzəffər ordumuz, ümumilikdə 44 gün davam edən Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib və düşməni kapitulyasiyaya məcbur edib. Beləcə, Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə belə atılmadan azad edilib. Əzəli torpaqlarımızın düşmən tapdağından xilas edilməsi kimi müqəddəs amal uğrunda 2908 hərbi qulluqçumuz şəhidlik zirvəsinə ucalıb, 6 nəfər isə itkin düşüb.
19-20 sentyabr 2023-cü il tarixində ordumuz tərəfindən aparılmış uğurlu antiterror əməliyyatlarına da toxunan Namiq Cəlilov, artıq suverenliyimizin tam bərqərar olduğunu bildirib. O, qeyd edib ki, cəmi 23 saat 43 dəqiqə çəkən əməliyyatla Qarabağdakı qondarma rejimi və qanunsuz silahlıları təslim olmağa məcbur edən ordumuz Vətən müharibəsi şəhidlərimizin Qarabağ zəfərini taclandırmış oldu.
Daha sonra tədbirdə rəsədxana əməkdaşları çıxış edərək Anım Günü ilə bağlı təəssüratlarını bölüşüblər. Gənclərin vətənpərvər ruhda yetişdirilməsi üçün bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirə 2-ci Fəxri xiyabanın ziyarəti ilə yekun vurulub. Rəsədxana əməkdaşları tərəfindən şəhid məzarları üzərinə tər çiçəklər qoyulub.
Anoloji tədbir ŞAR-ın Şamaxı bölməsində də keçirilib. Rəsədxana əməkdaşlarının Vətən müharibəsi haqqında çıxışları fonunda təşkil olunmuş tədbirin sonunda Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib, şəhid məzarları önünə gül dəstələri qoyulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.