Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2023 16:42
  • A-
  • A
  • A+

“27 sentyabr - Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm Qələbə tariximizdir” adlı tədbir keçirilib

“27 sentyabr - Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm Qələbə tariximizdir” adlı tədbir keçirilib

Hüseyn Cavidin Ev Muzeyində Anım Günü münasibətilə “27 sentyabr - Vətən müharibəmizin başlanma tarixi və möhtəşəm Qələbə tariximizdir” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, canından keçən vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tədbiri açaraq bildirib ki, artıq üç ildir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” Sərəncama uyğun olaraq 27 sentyabr tarixi ökəmizdə Vətən müharibəsi şəhidlərinin anım günü kimi qeyd edilir. Bu gün biz Vətən uğrunda qəhrəmancasına şəhid olan igid həmvətənlərimizi anmaqla yanaşı, həm də bir qürur hissi yaşayırıq. Çünki Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin polad iradəsinin, düşünülmüş beynəlxalq siyasi strategiyasının, ordu və xalq birliyinin mühüm yekunu olaraq respublikamızın ərazi bütövlüyü tam bərpa edilib.

Alim 2020-ci ildə Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsi müddətində mənfur düşmənə vurduğu sarsıdıcı zərbəni yada salıb. 30 ilə yaxın işğal altında qalan Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda əsgər və zabitlərimizin misilsiz rəşadət göstərdiyini qeyd edib. Azərbaycan ordusunun düşmənə uzun zaman unutmayacağı layiqli dərs verdiyini vurğulayıb.

Daha sonra tədbir muzeyin yaxından əməkdaşlıq etdiyi Xəzər Universitetinin bir qrup tələbələrinin çıxışları ilə davam edib. Universitetin Humanitar, təhsil və sosial bilimlər fakültəsinin III kurs tələbələri II Qarabağ müharibəsində şəhid olan qəhrəman zabit və əsgərlərimizin bəzilərinin həyat hekayəsini səsləndirib, onların döyüş yoluna nəzər salıblar. Xəzər Universitetinin Dillər və Ədəbiyyatlar departamentinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Xatirə Yusifova müharibə zamanı Azərbaycan ordusunun apardığı uğurlu hərbi əməliyyatlardan danışıb, ordumuzun mühüm hərbi-strateji obyektləri necə ələ keçirdiyi barədə məlumat verib.

Tədbirin sonunda Hüseyn Cavidin Ev Muzeyinin hazırladığı “44 günün qəhrəmanları” mövzusunda sənəd, şəkil və foto materiallardan ibarət sərgi təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: