AR ETN-nin Biofizika İnstitutunda Yeni Azərbaycan Partiyası və Həmkarlar təşkilatının təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun Həmkarlar Təşkilatının sədri Rasim Aslanov torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək canını Vətən naminə qurban verən şəhidlərimizə Allahdan rəhmət diləyib və tədbir iştirakçılarını şəhidlərimizin əziz xatirəsini yad etmək üçün bir dəqiqəlik sükuta dəvət edib.
Sonra institutun icraçı direktoru, b.e.d. Kərim Qasımov çıxış edərək bildirib ki, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti və ordumuzun şücayəti sayəsində Vətən müharibəsində tarixi qələbə təmin edilib. O bildirib ki, bu ölkənin vətəndaşı olaraq hər birimiz 44 günlük haqq savaşı boyunca bizlərə sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə ömür boyu minnətdar olmalıyıq.
Daha sonra institutun əməkdaşları, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova və Molekulyar və hüceyrə biokimyası laboratoriyasının kiçik elmi işçisi Günay Əliyeva məruzə ilə çıxış edərək 44 günlük müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi səfərbərlikdən, qəhrəman igidlərimizin müharibə dövründə göstərdikləri şücaətdən danışıb, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək canını vətən üçün qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.