Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2023 20:25
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunda Anım gününə həsr olunmuş tədbir keçirilib

Əlyazmalar İnstitutunda Anım gününə həsr olunmuş tədbir keçirilib

Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 27 sentyabr – Anım günü münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açaraq qəhrəman oğullarımızın 44 gün davam edən Vətən müharibəsində əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirdiyini, öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etdiklərini qeyd edib. Bildirib ki, 27 sentyabr 2020-ci il işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan xalqının Vətən müharibəsinə başladığı tarixdir: "Bu gün haqq və şərəf işimiz olan, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman əsgər və zabitlərimizin, erməni vəhşiliyi nəticəsində dünyasını dəyişən günahsız mülki insanlarımızın xatirəsinin anıldığı tarixdir. Bu günün şahidləri olan bizlər onu gələcək nəsillərə çatdırmalı, Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 illik hicrana necə son qoyduğunu, torpaqlarımızı düşmən tapdağından necə azad etdiyini, Azərbaycan Prezidentinin beynəlxalq ictimaiyyət qarşısında növbəti dəfə necə diplomatik qələbə əldə etdiyini öyrətməliyik". 

İnstitutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.e.d., professor Kamandar Şərifov, Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin baş elmi işçisi, fil.e.d., professor Raqub Kərimov, Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix e.d. Tahirə Həsənzadə, elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi, Azərbaycan Yazıçılar İttifaqının üzvü Xanımbacı Məlikzadə çıxış edərək bildiriblər ki, təqvimin bu günü 200 ilə yaxın sürən ədalətsiz tarixi prosesi xalqımızın xeyrinə dəyişən, Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin sona çatdığı, torpaqlarımızın işğaldan azad olunması uğrunda haqlı davamızın başladığı əlamətdar tarixdir. Natiqlər qeyd ediblər ki, bu tarix Qarabağın əsl sahiblərinə əbədi qaytarılmasını, bölgədə sülhün, böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağını gerçəyə çevirən gündür. Çıxış edənlər dövlət başçısının və xalqımızın hər zaman mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərimizin ruhuna ehtiram göstərib, xatirəsini uca tutduğunu vurğulayıblar.

Tədbirin sonunda Əlyazmalar İnstitutunun Kitabxanasının 27 sentyabr – Anım günü münasibəti ilə hazırladığı, Vətən müharibəsində xalqımızın möhtəşəm qələbəsini əks etdirən kitab sərgisi nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: