Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.10.2023 16:37
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində “Cavidin Turanı” mövzusunda konfrans və kitab təqdimatı keçirilib

Hüseyn Cavidin Ev Muzeyində “Cavidin Turanı” mövzusunda konfrans və kitab təqdimatı keçirilib

Hüseyn Cavidin Ev Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin qızı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, görkəmli teatrşünas, muzeyşünas və mətnşünas Turan Cavidin 100 illik yubileyi münasibətilə konfrans keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyi və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfrans çərçivəsində muzeyin bu yubiley münasibəti ilə hazırladığı görkəmli şəxsiyyətlərin Turan xanım haqqında xatirələrindən ibarət “Cavidin Turanı” adlı kitab da təqdim olunub.  

Tədbiri giriş sözü ilə Hüseyn Cavidin Ev muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açıb. O öz çıxışında Turan xanımın şüurlu ömrünü atası Hüseyn Cavidin irsinin toplanmasına, qorunmasına, təbliğinə, nəşrinə və tədqiqinə həsr etdiyini, şairin Bakıdakı Ev Muzeyinin yaradılması və fəaliyyətinə nail olduğunu, 1991-2004-cü ilərdə həmin muzeyə rəhbərlik etdiyi müddətdə ədibin tam külliyyatının elmi-tənqidi mətnini hazırladığını, bununla da Hüseyn Cavidin xatirəsinə növbəti möhtəşəm abidə ucaltdığını vurğulayıb. Onu tanıyanların xatirində təvazökar, sadə, eyni zamanda mərd və iradəli qadın kimi qaldığını bildirib.

Daha sonra çıxış edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Hüseyn Cavidin yadigarı Turan Cavid ilə dahi şairin külliyyatının orijinal mətninin bərpası üzərində birgə çalışdıqları günləri yada salıb. Alim Turan xanımı bu müddət ərzində bir Cavidşünas, bir mətnşünas kimi tanımaq imkanı əldə etdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirib. Onun Hüseyn Cavid irsinə həssas yanaşdığını, yalnız böyük dramaturqun söz məhəngindən keçənləri bu qiymətli mirasa yaxın buraxdığını qeyd edib. T.Kərimli Ulu Öndər Heydər Əliyevin şairin adının əbədiləşməsi sahəsində xidmətlərindən də söz açıb. Bu iki görkəmli şəxsin Hüseyn Cavidin xatirəsinin yaşadılması uğrunda gördüyü misilsiz işləri bir daha tədbir iştirakçılarının nəzərinə çatdıraraq həm Ümummilli Liderin, həm də Cavidin son yadigarının 100 illik yubileylərinin eyni ildə qeyd olunmasının cavidsevərlər üçün bir bayram olduğunu vurğulayıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti v.i.e., Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva çıxış edib. Alim diqqəti Turan Cavidin muzeyşünaslıq və mənbəşünaslıq fəaliyyətinə yönəldib. Onun təkcə Hüseyn Cavidin qızı kimi atasının dünyanın ən məşhur klassikləri ilə müqayisə oluna biləcək irsinə bələd olmadığını, eyni zamanda bir peşəkar teatrşünas kimi bu zəngin dramaturji mirası dərindən bildiyini, həssas muzeyşünaslıq fəhmi ilə ürəkdən duyduğunu və var qüvvəsi ilə təbliğ etdiyini nəzərə çatdırıb. T.Cavidin yubileyinin Ulu Öndər Heydər Əliyevin, görkəmli alim və gözəl insan Zərifə Əliyevanın, həmçinin Türkiyə Cümhuriyyətinin 100 illik yubileyləri kimi digər əlamətdar tarixlərlə də üst-üstə düşdüyünü vurğulayan natiq bu gün Hüseyn Cavidin Turan birliyi idealının gerçəyə çevrildiyini söyləyib. O, son illərdə Hüseyn Cavidin Ev Muzeyinin yerinə yetirdiyi elmi-tədqiqat işlərini, nəşr etdirdiyi kitabları, çapa hazırladığı çoxcildlikləri, muzeyin günbəgün yenilənən ekspozisiyasını diqqətə çatdıraraq, bu elmi-mədəni müəssisənin ölkədə Cavidşünaslığın vahid mərkəzinə çevrildiyini bildirib.

Turan Cavidlə çiyin-çiyinə çalışmış, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəridə Quliyeva çıxış edərək Turan xanımı kamil insan kimi xatırladığını deyib. Onu həm qayğıkeş insan, həm də bacarıqlı mütəxəssis kimi yada salıb. Hüseyn Cavidin Ev Muzeyinin qurulmasında Turan Cavidin mühüm rolunu və cəfakeş əməyini bir daha qeyd edərək, onun bütün nailiyyətlərinə rəğmən, təvazökar insan olduğunu, rəhbərlik etdiyi muzeyin bütün əməkdaşlarına bir ana qayğısı göstərdiyini bildirib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun baş elmi işçisi, Cavidşünas alim, filologiya elmləri doktoru Lütfiyə Əsgərzadə çıxış edərək Turan Cavidlə Naxçıvan şəhərində keçirilən vida mərasimini yada salıb. Bu cəfakeş qadının bir çox xidmətini qeyd edib, onun əsas nailiyyətinin isə Hüseyn Cavidin əsərlərinin orijinal mətnin bərpası olduğunu xüsusi vurğulayıb. O, çıxışının sonunda Turan Cavidin yubileyinin bu cür yüksək səviyyədə qeyd olunduğuna və əziz xatirəsinin yad edilməsinə görə başda Gülbəniz Babaxanlı olmaqla muzeyin bütün kollektivinə dərin təşəkkürünü bildirib.

Daha sonra Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinova çıxış edib. O, tədqiqatı ilə əlaqədar Turan Cavidlə görüşünü xatırlayıb. Onun muzeyin fondunun zənginləşdirilməsindəki rolunu vurğulayıb. Ərtoğrol Cavidin Qərbi Azərbaycan aşıq ədəbiyyatını toplamasına dair materialların bu fonda daxil edilməsi haqqında Turan xanımla olan mükaliməsini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda filologiya elmləri doktoru Gülbəniz Babaxanlının tərtibçisi və “Ön söz” müəllifi olduğu, Turan Cavidin 100 illik yubileyi münasibətilə nəşr edilən “Cavidin Turanı” adlı kitab təqdim olunub. Qeyd edilib ki, kitabda Turan xanım haqqında xatirələrlə yanaşı, onun Hüseyn Cavid irsinin toplanması, mühafizəsi, tədqiqi və təbliği sahəsində gördüyü işlər haqqında əsas tədqiqat əsərləri də yer alıb.

Qeyd edək ki, Turan Cavidin anadan olmasının 100 illik yubileyi münasibətilə hazırlanan sərgi bu həftə ərzində muzeyə gələn tamaşaçılara təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: