Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.10.2023 16:55
  • A-
  • A
  • A+

Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Oktyabrın 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, “Şöhrət ordenli”, akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş “Akademik Kamal Talıbzadə: ədəbi tənqid məktəbinin yaradıcısı” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri girş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Akademiyanın, eləcə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun formalaşmasında ədəbiyyatşünas alim Kamal Talıbzadənin əvəzsiz xidmətləri olduğunu bildirib.

O, akademik Kamal Talıbzadənin Azərbaycan elminə və ictimai fikir tarixinə əhəmiyyətli töhfələr vermiş, qiymətli əsərləri ilə elmimizi zənginləşdirmiş, yeni nəsillərin inkişafında böyük xidmətlər göstərmiş böyük ictimai xadim olduğunu qeyd edərək, görkəmli alimin Azərbaycan elminin inkişafı istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, Azərbaycan ədəbiyyatşünaslıq tarixində ədəbi tənqid məktəbinin banisi olan akademik Kamal Talıbzadə XX əsr Azərbaycan ədəbi tənqidinin mükəmməl salnaməsini, dolğun elmi mənzərəsini yaratmış, həmçinin tənqid tariximizin köklərini dərindən araşdırmışdır.  

AMEA rəhbəri qeyd edib ki, Kamal Talıbzadə yaşadığı dövrün ədəbi-tənqid proseslərini hər zaman diqqətlə izləmiş və müasirləri olan yazıçılar haqqında qiymətli elmi əsərlər yazmışdır. Akademik İsa Həbibbəyli tənqidçi alimin gənclərin inkişafına böyük dəstək göstərdiyini, onların fəaliyyəti ilə maraqlandığını, doktorantların yetişdirilməsində yaxından iştirak etdiyini vurğulayıb.

Akademik Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatı tarixi, ədəbiyyat tənqidi və ədəbiyyat nəzəriyyəsi istiqamətlərindəki xidmətlərini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli alimin 1966-cı ildə işıq üzü görmüş “XX əsr Azərbay­can tənqidi” kitabını indiyədək bu sahədə yazılmış ən qiymətli, fundamental tənqid tarixi əsəri kimi dəyərləndirib. O, akademik Kamal Talıbzadənin XX əsrin əvvəlləri Azərbaycanda romantik şeirin sənətkarlıq xüsusiyyətləri ilə bağlı ərsəyə gətirdiyi dissertasiya işinin Abbas Səhhətin timsalında ədəbiyyat sənətinin görkəmli nümayəndəsini bütün yönləri ilə birlikdə təqdim etməklə yanaşı, onun lirikasını, özünəməxsusluğunu, sənətkarlıq xüsusiyyətlərini ilk dəfə meydana qoyan tədqiqat işi olduğunu vurğulayıb. AMEA prezidenti akademik Kamal Talıbzadə haqqında ilk monoqrafiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çapdan çıxdığını qeyd edib.  

Çıxışının sonunda akademik İsa Həbibbəyli böyük müəllimi akademik Kamal Talibzadəni hər zaman hörmətlə xatırladığını, onun irsinə xüsusi diqqət və qayğıyla yanaşdığını, yubileylərinin mütəmadi olaraq qeyd olunduğunu vurğulayıb. AMEA rəhbəri görkəmli alimin 100 illiyinə həsr olunmuş bugünkü elmi sessiyada Kamal Talıbzadənin davamçıları tərəfindən onun yaradıcılığının müxtəlif məqamlarına nəzər salınacağını söyləyib, ədəbiyyatşünas alimin qızı – sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin atasının yolunu uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Sonra N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Kamal Talıbzadə - tənqid tariximizin memarı” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, Kamal Talıbzadənin tədqiqatları ədəbiyyat tarixinin və tənqidinin bütün inkişaf yollarını əhatə etmişdir. O, bütün fəaliyyəti boyu ədəbiyyat tarixi və problemlərini müasir ədəbiyyatın məsələləri ilə paralel öyrənmək, mümkün qədər bu sahələri yaradıcılığında dolğun əks etdirmək yolu ilə getmişdir.

Akademik Kamal Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşmasında mühüm rol oynamış cəsarətli və obyektiv tənqidçi kimi səciyyələndirən Vaqif Yusifli Ədəbiyyat İnstitutunda alimin “Azərbaycan ədəbi tənqidinin tarixi (1800-1920-ci illər)” və “Seçilmiş əsərlər” kitablarının çapdan çıxdığını diqqətə çatdırıb. O, görkəmli ədəbiyyatşünas alimlə bağlı xatirələrini bölüşüb, Kamal Talıbzadəni istedadlı alim və tənqidçi, xeyirxah insan və elmi məktəb yaratmış böyük müəllim kimi xarakterizə edib.

Daha sonra filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Şəxsiyyətin görünən və görünməyən miqyası”, filologiya elmləri doktoru, dosent Elnarə Akimova “Kamal Talıbzadənin yaradıcılığında poeziya məsələləri”, filologiya elmləri doktoru, dosent Sara Osmanlı “Müqayisəli ədəbiyyatşünaslığın inkişafında Kamal Talıbzadənin xidmətləri” və filologiya üzrə fəlsəfə doktoru, dosent Nərgiz Cabbarlı “Kamal Talıbzadə və müsasir ədəbi tənqid” mövzusunda məruzələrlə çıxış ediblər.

Sonda çıxış edən akademik Kamal Talıbzadənin qızı sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, atasının xatirəsinə göstərilən dərin ehtirama görə minnətdarlığını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: