AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və Əlyazmaların elektron resursları şöbəsinin müdiri, fil.ü.f.d., dosent Aynur Nəcəfova 17-19 oktyabr 2023-cü il tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Avropa sivilizasiyasının yazı tarixi və Rusiya xalqlarının yazı mədəniyyəti” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.
Rusiya Federasiyasının subyektləri və MDB məkanından olan görkəmli mətnşünas, mənbəşünas, dilçi, arxeoqraf və kitabşünaslarının dəvət aldığı bu konfransın plenar iclasında dosent Əzizağa Nəcəfzadə “Ərəb yazı sisteminin türk-Azərbaycan sivilizasiyası tarixində sosial-mədəni rolu” mövzusunda, “Ərəb qrafikalı yazılı mənbələr” adlı bölmə iclasında isə dosent Aynur Nəcəfova “Tatar ədəbiyyatının klassikləri Anna Axmatovanın tərcümələrində” mövzusunda məruzə ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, onlara ünvanlanan suallar cavablandırılıb. Hər iki alim konfransda iştirakı ilə bağlı beynəlxalq sertifikatla təltif olunublar.
Əlyazmalar İnstitutunun alimləri konfrans çərçivəsində Tatarıstan Respublikası Milli Kitabxanasının Sərgi zalında təşkil olunmuş və orijinal yazılı abidələrin təqdim olunduğu “Avropa və Şərq sivilizasiyasının yazı tarixi” adlı unikal sərgi və Kazan (Volqaboyu) Federal Universitetinin N.İ.Lobaçevski adına Elmi Kitabxanasının Əlyazmalar və nadir kitablar şöbəsinin qiymətli kitablar kolleksiyası ilə tanış olublar.
Qeyd edək ki, 16-20 oktyabr 2023-cü il tarixlərində həyata keçirilən konfrans və onun işi ilə bağlı digər elmi-mədəni tədbirlər Tatarıstan Respublikası Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının əlaqədar qurumları - Sankt-Peterburq Tarix İnstitutu, Rus Ədəbiyyatı İnstitutu (Puşkin Evi), REA-nın Elmi Kitabxanası və Tatarıstan Respublikası Milli Kitabxanasının təşkilatçılığı ilə baş tutub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.