44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan əsgər Mahsun Zahir oğlu Bağırzadə 30 may 1998-ci il tarixdə Lənkəran rayonunun Xanbulan qəsəbəsində sadə, zəhmətkeş ailədə anadan olub. Qəsəbə tam orta məktəbini bitirib. 2016-2018-ci illərdə Ağdam bölgəsində həqiqi hərbi xidmətini yerinə yetirib, pulemyotçu ixtisasına yiyələnib, Vətən borcunu layiqincə yerinə yetirib. 2018-ci ilin may ayından Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində fəhlə işləyirdi. Subay idi.
Mahsun Bağırzadə Vətən müharibəsi başlananda 28 sentyabr 2020-ci il tarixdə minlərlə Azərbaycan oğullarından biri kimi könüllü olaraq silaha sarılıb, dədə-baba torpaqlarımızın düşməndən təmizlənməsində fədakarlıq, igidlik nümunəsi göstərib. Məhz onun kimi Vətən oğullarının qəhrəmanlığı nəticəsində düşmənin bütün təxribatlarının qarşısı alınıb, soydaşlarımızın 30 illik Qarabağ həsrətinə, yurd nisgilinə son qoyulub.
Fəqət Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında şərəfli döyüş yolu keçən Mahsun Bağırzadəyə Zəfər gününü, rəşadətli Milli Ordumuzun şanlı qələbəsini görmək qismət olmadı. O, oktyabrın 22-də Qubadlı rayonunun “Yazı düzü” adlanan ərazisində düşmənə qarşı şücaətlə vuruşaraq əbədiyyətə qovuşub. Yalnız noyabr ayının 4-də Qubadlı rayonu erməni vandallarından tam təmizləndikdən sonra şəhidlərimizin nəşi götürülüb və Mahsun həmin gün doğulub boya-başa çatdığı Xanbulan qəsəbəsində müharibədən əvvəl özünün də arzuladığı yerdə - Pir Yaqub ziyarətgahında torpağa tapşırılıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə şəhid Mahsun Bağırzadə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Noyabrın 4-də Mahsun Bağırzadənin şəhadətə ucalmasının 4-cü ildönümü münasibətilə AMEA Lənkəran Regional Elmi Mərkəzində şəhidin xatirə guşəsinin önünə təzə-tər qərənfillər düzülüb.
Sonra onun Xanbulan qəsəbəsindəki ata ocağında anım tədbiri düzənlənib. AMEA Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Qaraxan oğlu Əliyev başda olmaqla Mərkəzin kollektivi, Mahsunun döyüş yoldaşları, şəhid ailələri üzvləri, Xanbulan qəsəbə ictimaiyyət nümayəndələri, ziyalıları və müəllimlərin qatıldığı anım tədbirində şəhidin uyuduğu qəsəbə qəbiristanlığındakı məzarı ziyarət edilib, üzərinə gül-çiçək dəstələri qoyulub, ruhuna dualar oxunub.
Mərasimdə Mahsunun xatirəsi ehtiramla yad edilib, keçdiyi şərəfli ömür və döyüş yolu haqqında məlumat verilib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənin say-seçmə oğullarının 44 günlük savaşda göstərdikləri qəhrəmanlıqlardan, qüdrətli Milli Ordumuzun qazandığı tarixi Qələbədən söz açılıb, bütün şəhid ailələrinin, eyni zamanda, Mahsun Bağırzadənin ailəsinin hər zaman dövlətimizin, o cümlədən AMEA rəhbərliyinin və Mərkəzin diqqət və qayğısı ilə əhatə edildiyi vurğulanıb, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa və cansağlığı arzulanıb.
Şəhidin atası Zahir Bağırov şəhidlərimizin və oğlunun xatirəsini daim əziz tutduqları üçün dövlətimizin başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, AMEA-nın və Mərkəzin rəhbərliyinə minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.