Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.04.2026 12:18
  • A-
  • A
  • A+

Ankarada Azərbaycan–Türkiyə beynəlxalq arxeoloji ekspedisiyasının gələcək fəaliyyət istiqamətləri müzakirə olunub

Ankarada Azərbaycan–Türkiyə beynəlxalq arxeoloji ekspedisiyasının gələcək fəaliyyət istiqamətləri müzakirə olunub

8-12 aprel 2026-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, Azərbaycan–Türkiyə Beynəlxalq Arxeoloji Ekspedisiyasının rəhbəri tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərinə dörd günlük işgüzar səfəri həyata keçirilib.

Səfər çərçivəsində ekspedisiyanın Türkiyə tərəfini təmsil edən Mardin Artuklu Universitetinin professoru Aynur Özfırat, Atatürk Universitetinin professoru Mehmet Işıklı və doktor Gencay Güloğlu ilə görüş keçirilib, ekspedisiyanın son iki il ərzində apardığı elmi tədqiqatlar və gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Daha sonra ekspedisiya üzvləri Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin müdir müavini Bülent Gönültaş, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, TİKA sədrinin müavini doktor Yahya Coşkun, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin Qazıntılar və Tədqiqatlar şöbəsinin müdiri doktor Umut Görgülü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Vüqar Məmmədov və Türk Tarix Qurumunun sədr müavini dosent Yunus Pustu ilə səmərəli görüşlər keçiriblər.

Görüşlərdə 2024-cü ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin və AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyevin dəstəyi, eləcə də Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin rəsmi icazəsi əsasında fəaliyyətə başlayan Azərbaycan–Türkiyə Beynəlxalq Arxeoloji Ekspedisiyasının ikiillik elmi nəticələri və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verilib.

Türkiyə tərəfinin nümayəndələri ekspedisiyanın fəaliyyətini yüksək qiymətləndirib və bu layihənin Azərbaycan arxeoloqlarının xaricdə həyata keçirdiyi ilk beynəlxalq ekspedisiya olması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Eyni zamanda qeyd olunub ki, Azərbaycan arxeoloqlarının öz ölkələrindən kənarda ilk beynəlxalq ekspedisiyasının məhz Türkiyə ərazisində aparılması iki ölkə arasında elmi əməkdaşlığın inkişafı baxımından mühüm addımdır.

Görüşlər zamanı ortaq tarixi və mədəni irsi əks etdirən İlk Tunc dövrünün Kür-Araz mədəniyyəti kimi nadir arxeoloji komplekslərin birgə tədqiqi və təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi, həmçinin yeni birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Bununla yanaşı, ekspedisiyanın yalnız Türkiyədə deyil, Azərbaycanda da arxeoloji tədqiqatlar aparmasının vacibliyi vurğulanıb.

Azərbaycan ərazisində Azərbaycan–Türkiyə Beynəlxalq Arxeoloji Ekspedisiyasının fəaliyyətinin genişləndirilməsi perspektivləri də gündəmdə olub. Həmçinin, 2026-cı il ərzində Türkiyənin İğdır bölgəsində səthi tədqiqatların davam etdirilməsi və ərazidə arxeoloji qazıntı işlərinin aparılması məsələləri ətraflı şəkildə müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: