Yazı qaydaları:
“Filologiya və sənətşünaslıq” jurnalında yayımlanacaq məqalələr üçün əsas tələblər aşağıdakılardır:
1) Məqalənin başlığı:
Məqalənin başlığı Times New Roman, 12 punkt, qalın, yalnız ilk hərf böyük, qalan hərflər kiçik şriftlə yazılmalı və 12 sözdən artıq olmamalıdır.
2) Müəllif adı:
Müəllifin adı başlığın altında 10 punkt, qalın şriftlə yazılmalıdır. Müəllifin elmi dərəcəsi və vəzifəsi, iş yeri (müəssisə ünvanı), e-poçt ünvanı və ORCID məlumatları müəllifin adından sonrakı sətirdə adi şriftlə yazılır.
3) Xülasə:
Xülasə 11 şriftlə, 250-300 söz həcmində yığılmalı və məqalənin məzmununu yığcam şəkildə əks etdirməlidir. Xülasə daxilində istinad, şəkil, cədvəl və s. verilməməlidir. Xülasə Azərbaycan və ingilis dillərində hazırlanmalıdır. Hər iki dildə olan xülasədə məqalənin tam adı da göstərilməlidir. İki dildə (Azərbaycan və ingilis dillərində) yazılan xülasələrin məzmunu eyni olmalıdır. Məqalədə müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Xülasədə müəllif(lər)in tam adı göstərilməlidir.
4) Açar sözlər:
Açar sözlər 3-6 sözdən ibarət olmalıdır, xülasədən dərhal sonra kursivlə, yalnız birinci sözün ilk hərfi böyük, digər açar sözlər xüsusi isim deyilsə, kiçik hərflə yazılır. Bir-birindən vergüllə ayrılmalı, sonda nöqtə qoyulmamalıdır. Açar sözlər ümumi məna ifadə etməməli, məqalənin mahiyyətini əks etdirməlidir. Açar sözlər Azərbaycan və ingilis dillərində hazırlanmalıdır.
5) Məqalə mətni:
Məqalələr ədəbiyyat siyahısı, xülasə daxil olmaqla 6000 sözdən çox olmamalıdır. Məqalələrin mətni A4 formatında, 12 ölçülü “Times New Roman” şrifti ilə, 1 intervalla, abzas 1.0 nk, kənar boşluqlar: hər tərəfdən 2.0 sm yığılmalıdır. Mətn sətirdən-sətrə keçirilmədən hazırlanmalı və məqalə daxilindəki istinadlar kursivlə verilməlidir.
Məqalənin mətni giriş, əsas mətn/alt bölmələr, nəticə və ədəbiyyat siyahısından ibarət olmalıdır.
6) Mətndaxili istinadlar:
Məqalənin mövzusu ilə bağlı son 5-10 ildə nəşr olunan yerli və xarici mənbələrə üstünlük verilməlidir. Elmi məqalələrdə sitatların payı 30%-dən çox olmamalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba sırası
əsasında tərtib olunmalıdır. Mətn içində istinad müəllifin soyadı, əsərin nəşr ili, səhifəsi ardıcıllığı ilə verilməlidir. Nümunə: [Axundov: 2003, s.39]. Müəllifi göstərilməyən kitablar verildikdə (kollektiv monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə göstərilir. Nümunə: [Müasir Azərbaycan dili: III, 1981, s.149]. Birdən çox müəllifi olan nəşrlərdə mətn daxili istinad zamanı yalnız ilk müəllifin soyadı və “və b.” ixtisarı yazılır: [Həbibbəyli və b.: 2019, s.155]
7) Ədəbiyyat siyahısının tərtibi:
Kitab və jurnal adları kursivlə yazılmalı, məqalə, kitab bölümü kimi mənbələr dırnaq içində göstərilməlidir. Kitabların ümumi həcmi, məqalələrin, ensiklopediya bölmələrinin məqaləyə və ya bölməyə aid olan ümumi səhifələri verilməlidir:
Kitablar: Hacıyev T.İ. (2012). Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı: Elm nəşriyyatı.
Çoxcildli kitablar: Axundov A.A. (2003). Dil və ədəbiyyat (iki cilddə). I cild. Bakı: Gənclik.
Birdən çox müəllifi olan həmmüəllif nəşrlər: Yalnız ilk iki müəllifin soyadı və inisialları və b. yazılır: Həbibbəyli İ.Ə., Əlişanoğlu, T.Ə. və b. (2018). Әdәbiyyatda Heydәr Әliyev obrazı: Tarixi gerçәklikdәn ideala. Bakı: Elm vә tәhsil.
Müəllifi göstərilməyən kitablar: (kollektiv monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə göstərilir. Məsələn: Azərbaycan ədəbiyyat tarixi (2019), on cilddə, I cild, (İ.Həbibbəylinin redaktorluğu ilə), Bakı: Elm nəşriyyatı.
Jurnal, məqalələr toplusu və konfrans materialları: Bu mənbənin biblioqrafik təsviri iki hissədən ibarət olur. Onlar bir-birindən bir çəpəki xətlə - «/» ayrılır, ondan əvvəl və sonra bir interval qoyulur: Nağısoylu M.Z. Heydər Əliyevin dövlət quruculuğu siyasətində ana dili məsələsi / Türkologiya №2, Bakı: 2018, s.11-21.
Elektron və internet mənbələr: Kitab, məqalə və ya məlumatın müəllifi kitab və ya jurnal mənbələri kimi göstərilir. Qaynaqdan istifadə tarixi mütləq göstərilməli və qaynaqlar arasında yer almalıdır: Kut, G. Ali Şir Nevai. https://islamansiklopedisi.org.tr/ali-sir-nevai [istinad tarixi: 01.07. 2025]
8) Cədvəl, şəkil, diaqram, foto və s.: Vizual materiallar mətndəki ardıcıllığa uyğun nömrələnməlidir. Cədvəllərin adı onların üstündə; şəkil, diaqram və fotoların adı isə təsvirin altında verilməlidir. Hər bir vizual materialın mənbəsi mütləq qeyd olunmalıdır. Nümunə: Cədvəl 1. [Cədvəlin adı] (üst hissədə); Foto 1. [Fotonun adı] (Mənbə: URL və ya müəllif, il) (alt hissədə).
9) Redaktə düzəlişləri: Nəşr mərhələsində məqalənin məzmununa və elmi mahiyyətinə təsir etməyən kiçik düzəlişlər redaksiya heyəti tərəfindən müəlliflə razılaşdırılmadan edilə bilər.
Digər məlumatlar:
Məqalələr elektron formada jurnalın rəsmi e-poçt ünvanına və jurnal saytının uyğun bölməsində yerləşdirilməlidir. Məqalələr aşağıdakı elektron ünvana göndərilməlidir: philologyandart@anas.az
İyun ayında çap olunacaq say üçün məqalələrin son qəbul tarixi: müvafiq ilin may ayının 1-dək.
Dekabr ayında çap olunacaq say üçün məqalələrin son qəbul tarixi: müvafiq ilin noyabr ayının 1-dək.
Tələb olunan qaydalara uyğun tərtib olunmayan məqalələr çapa təqdim olunmayacaqdır.
Məqalələr Redaksiya Heyətinin işçi qaydada müəyyənləşdirdiyi elmi və texniki ekspertizadan, digər yoxlamalardan keçirildikdən sonra nəşr edilir. Plagiatlıq və süni intellekt texnologiyalarından istifadə ilə bağlı məsələlərə müəlliflər məsuliyyət daşıyır.
Təqdim olunan məqalələrin məzmunu humanitar elm sahələrindən birini əhatə etməlidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.