Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2024 16:37
  • A-
  • A
  • A+

Şəkidə "Şuşa mədəni irsinin görünməyən tərəfləri" mövzusunda tədbir keçirilib

Şəkidə "Şuşa mədəni irsinin görünməyən tərəfləri" mövzusunda tədbir keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin, Vaqif İbrahim adına şəhər Folklor Evinin təşkilatçılığı, Şəki Şəhər MKS-nin Mərkəzi Kitabxanasının dəstəyi ilə Prezident İlham Əliyevin "Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı"elan edilməsi ilə bağlı" Sərəncamından irəli gələn "Şuşa mədəni irsinin görünməyən tərəfləri" mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən oğulların xatirəsi yad edilib.

Tədbiri açan Şəki Regional Elmi Mərkəzin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Mənəfova Ümummilli Lider Heydər Əliyevin və ölkə başçısı İlham Əliyevin Azərbaycan tarixi və mədəniyyətində Şuşanın məxsusi əhəmiyyətinə verdikləri önəmi diqqətə çatdırıb. O, Şuşanın tarixinin, mədəniyyətinin, təbiətinin, milli-mənəvi dəyərlərinin, ədəbiyyatının, incəsənətinin tanıdılması, təbliğ edilməsi və gələcək nəsillərə çatdırılmasının tədbirin keçirilməsinin əsas məqsədi olduğunu vurğulayıb.

Sonra Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin aparıcı elmi işçisi, fil.e.d., dos. Kamil Adışirinov "Qarabağ ədəbi mühiti: az təbliğ olunmuş və təhrif olunmuş məqamlar (X Natəvanın, M.M.Nəvvabın və Y.V.Çəmənzəminlinin həyat və yaradıcılığı nümunəsində)" mövzusunda məruzəsini təqdim edib. O, Şuşa ədəbi mühitinin inkişafında xüsusi xidmətləri olan bu şəxsiyyətlərin həyatından geniş elmi kütləyə məlum olmayan məqamları, Çəmənzəminlinin gözəl rəssam olmasını, "Molla Nəsrəddin" jurnalı üçün müxtəlif səpkidə karikatürlər çəkməsi kimi əhəmiyyətli faktları dinləyicilərin nəzərinə çatdırıb. Məruzəçi təkcə adı çəkilən sənətkarların deyil, eyni zamanda bütövlükdə Azərbaycan ədəbiyyatında bir çox sənətkarların həyat və yaradıcılığının geniş araşdırılmasına ciddi ehtiyacın olduğunu söyləyib.

Şəki REM-in Tarix, arxeologiya və epiqrafika şöbəsinin kiçik elmi işçisi Aygül Xəlilova "Şuşa-təbiətin möcüzəsi və əsrarəngiz sənətkarlığın vəhdəti" adlı çıxışında füsunkar təbiətli Şuşanın ənənəvi sənətkarlıq sahələri-daşişləmə, metalişləmə, ağacişləmə, dulusçuluq, nəqqaşlıq, rəngkarlıq, ipəkçilik, toxuculuq, papaqçılıq, çəkməçilik, dərzilik və s. haqqında geniş məlumat verib, Şuşanın yenidən öz tarixi görkəmini bərpa edərək sənətkarlıq mərkəzlərindən birinə çevriləcəyinə əminliyini bildirib.

Şəki REM-in Ədəbi-mədəni mühit, folklor və epiqrafika şöbəsinin elmi işçisi Tural Adışirinov "Şuşa Azərbaycan musiqisinin məbədi kimi" adlı məruzəsində XIX əsr Şuşa musiqi məclisləri, Şuşanın bəstəkarları, xanəndələri, muğam ustaları, vokal sənətinin nümayəndələri, tar, kamança, balaban ifaçıları haqqında dolğun məlumatları nəzərə çatdırıb, Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsinin bu tarixi köklərə söykəndiyini qeyd edib.

"Şuşa folklorunun izi ilə" adlı məruzə Vaqif İbrahim adına şəhər Folklor Evinin rəhbəri Rövzət Zəkəryəyev tərəfindən təqdim edilib. Məruzəçi Azərbaycan folklorunun tərkib hissəsi olan Şuşa folkloru - aşıq yaradıcılığı, dastan, nağıl, rəvayət, əfsanə, bayatıları haqqında danışıb.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: