Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.10.2023 18:35
  • A-
  • A
  • A+

Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib

Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib

Oktyabrın 23-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilib.

AMEA-nın prezidenti, Toponimiya komissiyasının sədri, millət vəkili, akademik İsa Həbibbəyli gündəliyə Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi barədə məsələ daxil edildiyini diqqətə çatdırıb. Komissiya sədri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışıb, Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət Bayrağının ucaldılması və bununla Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə bağlı fikirlərini bölüşüb.

Sədr bölgədə yaranmış yeni reallıqlar çərçivəsində işğaldan azad olunmuş ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi ilə əlaqədar məsələlərə Toponimiya komissiyasında baxıldığını və müvafiq qərarların qəbul edildiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli iclasda müzakirəyə çıxarılan məsələnin mahiyyəti barədə danışaraq, Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olduğunu deyib. Qeyd edib ki, müraciətdə bu yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.

Məsələ ətrafında aparılan müzakirələrdə komissiyanın sədr müavini Sevinc Fətəliyeva, komissiyanın üzvləri - parlamentin komitə sədri Musa Quliyev, deputat Sabir Rüstəmxanlı, Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri, akademik Möhsün Nağısoylu, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi Akif İmanlı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi Elşad Abışov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid çıxış ediblər.

İclasda Abşeron rayonunun inzibati ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.

Tədbirdə AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədov və parlament Aparatının müvafiq şöbələrinin əməkdaşları da iştirak ediblər.

AzərTac

  • Paylaş: