A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə “Orta ümumtəhsil məktəblərində elm və təhsilin inteqrasiyası, şagirdlərin ölkədaxili və beynəlxalq layihələrdə iştirakı” mövzusunda tədbir keçirilib.
Tədbirdə 20 nömrəli məktəb liseyin rəhbərliyi və müəllim heyəti ilə yanaşı, Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Biofizika İnstitutu, H.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının N.Gəncəvi adına Ədəbiyyat İnstitutu və İ.Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları da iştirak edib.
Təşəbbüsün məqsədi məktəblilər arasında elmin təbliği, şagirdlərin elmə təşviqi, onların müxtəlif yerli və beynəlxalq layihələrdə iştirakı üçün hazırlanmasında birgə fəalliyyətin təşkilidir.
Tədbiri 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva açaraq iştirakçıları salamlayıb və şagirdlərin elmi istiqamətdə inkişaf etməsində bu kimi tədbirlərin rolunu yüksək qiymətləndirib. O bildirib ki, elm və təhsilin inteqrasiyası birbaşa müasir zamanın tələbidir. Dəyişən dünyanın yeni çağırışlarına uyğun olaraq inkişafı şərtləndirən başlıca amil məhz birgə koordinasiyalı fəaliyyətin qurulmasıdır. Buna misal olaraq, ŞAR ilə 20 nömrəli məktəb lisey arasındakı əməkdaşlıq çərçivəsində xüsusi hazırlıq keçmiş şagirdlərin müxtəlif layihə və yarışlarda əldə etdiyi nailiyyətləri qeyd edən E.Ağayeva, fundamental elmin bütün sahələri üzrə anoloji əməkdaşlıqların qurulmasısının elmi tərəqqiyə rəvac verəcəyini bildirib.
Açılış mərasimindən sonra isə elmi sessiya elmi-populyar çıxışlar fonunda öz işinə başlayıb. Elmi sessiyada ŞAR-ın əməkdaşı astronomiya üzrə fəlsəfə doktoru, dosent Həmayil Adıgözəlzadə, Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Aynurə Həsənova, GAMŞ-ın sədr müavini Samirə Rəhimli, Ədəbiyyat İnstitutundan AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva, Biofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Mətanət Baxışova, Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Abuşova, Dilçilik İnstitutu GAMŞ-ın sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Günel Orucova müvafiq olaraq, “Orta təhsil müəssələrində beynəlxalq və yerli qrant layihələri”, “Təhsil verənlər üçün beynəlxalq təcrübə və bilik mübadiləsi imkanları”, “Astronomiyanın prioritet tədqiqat sahələri, məktəblilər üçün astronomiya”, “Təhsil və ədəbiyyat”, “Sağlam və xərçəng hüceyrə membranları arasındakı fərqlər”, “Qarabağda ərazinin istifadəsində relyefin təsirinin tədqiqi”, “Dünya dillərində müşahidə olunan proseslər” mövzuları üzrə məruzə ilə çıxış ediblər.
Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda “Gələcəyin alimi” layihəsi üçün maraq dairələrinə uyğun olunaraq məktəblilərdən ibarət bir neçə qrup formalaşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.