Gürcüstanın paytaxtı Tbilisi şəhərində ABŞ-ın Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi İdarəsinin dəstəyi ilə Ukrayna Elm və Texnologiya Mərkəzinin təşkilatçılığı ilə “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi üzrə tərəfdaş ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə toplantı keçirilib.
Toplantıda Azərbaycan, Gürcüstan, ABŞ, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Tacikistandan və başqa ölkələrdən nümayəndə heyətləri iştirak ediblər.
Tədbirdə Azərbaycanı Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin rəhbərliyi ilə sözügedən Mərkəzin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.
RSXM-nin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycanda görülmüş işlər haqqında çıxış edib. Tərəfdaş ölkələr arasında aparılan müzakirələrdən sonra layihənin müddətinin bir il uzadılması razılaşdırılıb.
Qeyd edək ki, “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan ərazisində 22 yeni seysmik stansiyalar quraşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.