Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.10.2023 16:30
  • A-
  • A
  • A+

AMEA-da Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş beynəlxalq konfrans keçirilir

AMEA-da Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş beynəlxalq konfrans keçirilir

Oktyabrın 30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileylərinə həsr edilmiş “Görmənin fiziologiyası və peşə patologiyaları: fundamental və tətbiqi aspektlər” mövzusunda beynəlxalq konfransın və Azərbaycan Fizioloqlarının VI Konqresinin açılış mərasimi olub.

Tədbir AMEA Rəyasət Heyəti, Səhiyyə Nazirliyi, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Elm və Təhsil Nazirliyi akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Azərbaycan Fizioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Ümummilli Liderin və görkəmli oftalmoloq-alimin məzarları önünə əklil və gül dəstələri qoyulub, onların əziz xatirələri dərin ehtiramla yad edilib.

Daha sonra iştirakçılar Mərkəzi Elmi Kitabxananın foyesində Ulu Öndər Heydər Əliyevə və akademik Zərifə xanım Əliyevaya həsr edilmiş sərgiyə baxış keçiriblər. Sərgidə il ərzində AMEA-da dərc olunmuş Ulu Öndər Heydər Əliyevə həsr edilən 50-yə yaxın kitab, eləcə də akademik Zərifə Əliyevanın fəaliyyətinə dair dünyanın müxtəlif dillərinə tərcümə olunmuş kitab, jurnal və konfrans materialları nümayiş etdirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli konfransı giriş nitqi ilə açaraq beynəlxalq tədbirin elmi əhəmiyyətini vurğulayıb. AMEA rəhbəri konfransda Türkiyə, Rusiya, Belarus, Gürcüstan və digər ölkələrdən alim və mütəxəssislərin, tanınmış fizioloqlarin iştirak etdiyini diqqətə çatdırıb.

2023-cü ilin Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunduğunu xatırladan akademik İsa Həbibbəyli il boyu ölkəmizdə və xaricdə, eləcə də AMEA-da görkəmli dövlət xadiminə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini və bu tədbirlərin böyük elmi-mədəni hadisələrlə, Azərbaycanın taleyüklü məsələləri ilə daha da yaddaqalan olduğunu bildirib.

Akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsindən, Azərbaycan oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışan AMEA rəhbəri alimin elmi məktəb yaratdığını, elmi kadrların yetişdirilməsi istiqamətində əhəmiyyətli işlər gördüyünü söyləyib. Zərifə xanımın həm də görkəmli ictimai xadim olduğunu deyərək alimin Ulu Öndərin apardığı böyük dövlətçilik fəaliyyətinə daim dəstək verdiyini qeyd edib.

“Konfransın keçirildiyi günlər Azərbaycanın çoxəsrlik tarixinin nadir hadisələrinin baş vediyi günlərə təsadüf edir”, - deyə bildirən natiq Prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində tarixi ədalətin qələbə çaldığını və Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam bərpa edildiyini vurğulayıb. Bu gün üçrəngli Dövlət Bayrağımızın Qarabağda, ölkəmizin hər yerində vüqarla dalğalandığını deyib.

AMEA rəhbəri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ailəsindəki ən önəmli həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Qeyd edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da Ulu Öndərin ideyalarını böyük əzm və məharətlə həyata keçirir, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq ölkəmizdə ictimai-sosial, mədəni sahələrdə genişmiqyaslı layihələrə rəhbərlik edir.

Akademik İsa Həbibbəyli bildirib ki, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illik yubileyləri çərçivəsində keçirilən tədbirlər dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük dövlətçilik zəfərlərinin ictimai siyasi mahiyyətini tam mənası ilə ortaya qoymuşdur.

Çıxışının sonunda AMEA prezidenti tədbirdə səslənəcək fikirlərin elmimizin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.

Sonra Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirələrinə həsr edilmiş konfransın miqyasına, əhatə dairəsinə görə mötəbər və yaddaqalan olacağına əminliyini bildirib. Vurğulayıb ki, Azərbaycan xalqı hər iki görkəmli azərbaycanlı şəxsiyyəti daim böyük hörmət və ehtiramla anır, onların vətənimiz və xalqımız üçün xidmətlərini xüsusi minnətdarlıqla xatırlayırlar.

Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov 2023-cü ilin ölkəmiz üçün bir sıra əlamətdar günlərlə zəngin olduğunu, ölkə Prezidentinin Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyləri ilə bağlı müvafiq sərəncamlar imzaladığını xatırladıb. O, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə elm, təhsil, tibb və digər sahələrin inkişafına göstərdiyi diqqət və qayğıdan, akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminin, oftalmologiya və fiziologiyanın inkişafına verdiyi dəyərli töhfələrdən söz açıb.

 

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bildirib ki, görkəmli oftalmoloq Zərifə Əliyevanın tədqiqatlarının əsas istiqamətlərini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası, peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası, həmçinin kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti və s. təşkil etmişdir. Vitse-prezidentin sözlərinə görə, bu tədqiqatların nəticələri bir sıra sanballı əsərlərdə, o cümlədən “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual problemləri”, 2 hissədən ibarət “Görmə orqanının peşə patologiyası” kimi fundamental monoqrafiyalarda öz əksini tapmışdır.

Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Türk dünyası iqtisad fakültəsinin dekanı, prof. Mehmet Yüce, Rusiya Elmlər Akademiyasının İ.P.Pavlov adına Fiziologiya İnstitutunun Görmənin fiziologiyası laboratoriyasının müdiri, professor Yuri Şelepin, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımov, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova, Gürcüstan Respublikası İ.Beritaşvili adına Eksperimental Biotibb Mərkəzinin laboratoriya müdiri, professor Merab Tsaqareli, Özbəkistan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Asiya Tibb Universitetinin tədris işləri və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Murodjon Botirov və başqaları çıxış edərək akademik Zərifə xanım Əliyevanın zəngin irsinin, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlarının və fundamental əsərlərinin Azərbaycan elminin inkişafındakı müstəsna rolundan danışıb, beynəlxalq konfransın işinə uğurlar arzulayıblar.

Konfrans işini plenar və bölmə iclasları ilə davam etdirir.

Tədbirə oktyabrın 31-də yekun vurulacaq. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: