AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin əməkdaşı Habil Xəlilov Türkiyə Cümhuriyyətinin Malatya şəhərində keçirilən “Cümhuriyyətin 100-cü ildönümündə Türkiyədə din və həyat” adlı beynəlxalq elmi konfransda çıxış edib.
Beynəlxalq tədbirə onlayn qoşulan Habil Xəlilov “Çar Rusiyası və sovet Rusiyasının ilk dövrlərində dini siyasət və onun Şimali Azərbaycanda Şəki şəhərində dini həyata təsiri” mövzusunda məruzəsini təqdim edib.
Məruzəçi istər çar Rusiyası, istərsə də sovet Rusiyası dövründə aparılan siyasətin Azərbaycanın siyasi, iqtisadi və dini həyatına təsirini elmi əsərlər, qəzet və arxiv materialları, eləcə də din xadimlərinin şəxsi arxivindən əldə edilmiş materiallar əsasında təhlil edib. O, həmçinin sovet Rusiyası dönəmində məscid və mədrəsələrin fəaliyyətinin məhdudlaşdırılması, “Elmi ateizm”in təbliğ olunması, dinə və din xadimlərinə qarşı radikal münasibətin olması kimi məsələlərin tədqiqata cəlb edildiyini diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.