Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA-nın müxbir üzvü Valeh Cəfərovun 80 yaşı tamam olur
02.11.2023 09:27
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Valeh Cəfərovun 80 yaşı tamam olur

Bu gün tanınmış kimyaçı alim, Polimer Materialları İnstitutunun laboratoriya müdiri, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu, kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Valeh Cəfərovun anadan olmasının 80 ili tamam olur.

Valeh Cabbar oğlu Cəfərov 1943-cü il noyabrın 2-də Gədəbəy rayonunun Arıqıran kəndində anadan olmuşdur. 1967-1969-cu illərdə Sumqayıt Kimya Kombinatında böyük əməliyyatçı, növbə rəisi, korpus rəisi vəzifələrində işləmişdir. 1969-cu ildən Azərbaycan SSR Elmlər Akademiyasının Xlor-Üzvi Sintez İnstitutunda (indiki Polimer Materialları İnstitutu) laboratoriya müdirinin müavini, direktor müavini, baş mühəndis vəzifələrində, 1991-1993-cü illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) Elmi-Tədqiqat Bölməsinin və Aspirantura şöbəsinin rəisi, 1993-2016-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda elmi işlər üzrə direktor müavini işləmişdir. O, 2016-cı ildən indiyədək laboratoriya müdiri vəzifəsində çalışır.

Alim 260 elmi əsərin, o cümlədən 6 müəlliflik şəhadətnaməsinin, 4 patentin, 2 kitabın müəllifidir. 85-dən çox elmi əsəri xarici ölkələrin nüfuzlu jurnallarında (Türkiyə, Rusiya, ABŞ, Ukrayna, Belarus, Slovakiya, Gürcüstan, Tacikistan və s.) dərc olunmuş, o cümlədən, respublikada və xaricdə keçirilən simpozium və konfranslarda elmi məruzələrlə çıxış  etmişdir. ABŞ-da (Nyu-Yorkda) nəşr olunan “Xüsusi səciyyəli materiallar və birləşmələr” kitabına onun 3 elmi əsəri daxil edilmişdir. Təcrübi əhəmiyyətli elmi işləmələrindən 6-sı istehsalata təqdim olunmuş, 7 işləməsi AMEA-nın tətbiq planına daxil edilmişdir. O, 2 elmlər namizədi, 20-dən çox magistr yetişdirmişdir.

AMEA-nın müxbir üzvü Valeh Cəfərov 2006, 2011 və 2018-ci illərdə Tbilisidə keçirilən beynəlxalq konfranslarda plenar elmi məruzələrə görə, Gürcüstan Kimya Cəmiyyətinin fəxri üzvü seçilmiş və diplomlarla təltif edilmişdir.

Alim Sumqayıt  Dövlət Universitetinin Ekologiya kafedrasının professorudur. 2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyası, 2014-2015-ci illərdə  Sumqayıt  Dövlət Universitetində Buraxılış Dövlət İmtahanı üzrə Attestasiya Komissiyasının sədri olmuşdur.

O, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda D.01.021, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nəzdindəki ED 1.16 və Bakı Dövlət Universitetinin nəzdindəki ED 2.16 Dissertasiya Şuralarının üzvü (2021-2022) olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya və Milli Atlasın hazırlanması komissiyalarının üzvü olmuş, “Makromolekullar kimyası və ekologiya” sahəsi üzrə koordinasiya şurasının üzvü (2001-2002), Azərbaycan-Amerika “Evro-Aziya” birgə müəssisəsinin kimya sahəsi üzrə baş məsləhətçisi (2000-2001) seçilmişdir.

V.Cəfərov 2016-cı ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyi medalı və diplomu ilə təltif olunmuşdur.

Tanınmış alimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi və elmi-pedaqoji fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: