İnformasiya Texnologiyaları İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) müəllim və tələbə kollektivi ilə görüş keçirilib. Görüşdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika, Mexanika-riyaziyyat fakültələrinin, eləcə də SABAH qruplarının informasiya texnologiyaları üzrə təhsil alan tələbələri iştirak ediblər.
Öncə BDU-nun rektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev institutun iş şəraiti, maddi-texniki bazası və burada həyata keçirilən innovativ layihələrlə yaxından tanış olub. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev institutda IV Sənaye İnqilabının və dünyanın qlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarını özündə ehtiva edən elmi tədqiqatların aparıldığını söyləyib, eyni zamanda beynəlxalq aləmə inteqrasiya ilə bağlı həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Sonra görüş institutun Böyük konfrans zalında davam edib. Tədbirdə çıxış edən akademik Rasim Əliquliyev bildirib ki, son zamanlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə IV Sənaye inqilabı ilə əlaqədar atılan addımlar, yüksək texnologiyaların müxtəlif sferalarda tətbiqinin genişləndirilməsini nəzərdə tutan innovativ layihələr, qəbul edilən fərman və sərəncamlar, bütövlükdə İKT sahəsində həyata keçirilən dövlət siyasəti müvafiq qurumlar, elmi müəssisələr və ali məktəblərin qarşısına mühüm vəzifələr qoyur.
Azərbaycanda elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edən akademik Rasim Əliquliyev ali məktəblərdə dünya elminin tələblərinə, müasir çağırışlara cavab verən ixtisaslar üzrə yeni kadrların hazırlanmasının vacibliyini vurğulayıb. Elmin əsas missiyasının əldə olunmuş biliklərin paylanması, təhsilə ötürülməsi, eyni zamanda cənab Prezidentin həyata keçirdiyi siyasətə adekvat olan intellektual insan resurslarının yetişdirilməsindən ibarət olduğunu söyləyib.
Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxış edərək bildirib ki, iki qurum arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilməli, universitetin müvafiq sahədə təhsil alan tələbələri institutun imkanlarından səmərəli istifadə etməlidir. Rektor nəzəri bilikərlə yanaşı, nüfuzlu elmi müəssisələrin intellektual potensialından və təcrübəsindən də istifadənin yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verəcəyinə inamını ifadə edib.
Daha sonra görüş interaktiv dialoq formatında davam edib. Akademik Rasim Əliquliyev və rektor Elçin Babayev tələbələrlə müasir informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və s. kimi aktual məsələlər ətrafında fikir mübadiləsi apardılar, onları maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.