Müasir dünyada “metrik” (elmmetriya, bibliometriya, infometriya, vebometrya, internet-statistika, və s.) tədqiqatlara elm ictimaiyyətində böyük maraq yaranmışdır. Metrik tədqiqatlar - obyekt haqqında bilikləri və ya onun inkişaf tendensiyasını müəyyən etmək üçün sənəd axınının müəyyən hissəsinin kəmiyyətlə ölçülməsi deməkdir. Elmdə metrik tədqiqatlar sənəd axınının müxtəlif elementlərinin sayılması, birləşməsi, izahı və müqayisəsi üçün istifadə edilir.
Elmi tədqiqatların ən geniş yayılmış ölçmə üsulu bibliometrik göstəricilərdir. Bibliometrik göstəricilərə gəldikdə isə, ən çox istifadə olunan verilənlər bazaları Filadelfiyada Elmi İnformasiya İnstitutu tərəfindən buraxılan “Elmi istinadlar göstəricisi” və “İctimai fənlər üzrə istinadlar göstəricisidir”. Bu nəşrlər çap məhsullarının say göstəriciləri, istinad tezlikləri və elmi dəyərləri müəyyən edilərkən istifadə olunurlar. Bu həm hər hansı bir məqalədə istinad verilmiş nəşr, həm də bu məqaləni istinad vermiş nəşri müəyyən etməyə imkan verir. İstinad bibliometriyanın inkişaf tendensiyalarını və ya onda əks olunan bir obyekt haqqında bilikləri müəyyən etmək üçün onun kəmiyyətcə ölçülməsidir.
Müasir dövrdə elmi kitabxanaların fəaliyyətində elmmetriya, bibliometriya, infometriya terminlərindən tez-tez istifadə edilir. Bəzən isə onlar arasında fərq qoyulmur, sinonim kimi qəbul edilir. Bibliometriya elmi sahələrin, ölkələrin, regionların, təşkilatların, konkret müəlliflərin nəşr fəaliyyəti haqqında məlumatlara əsaslanaraq vəziyyətini müəyyən etməyə yönəlib, sitatlar əsasında nəşrlərin sayı və onların kəsişmələrini araşdıran sahədir.
Bibliometrik məlumatlara əsaslanan informasiya xidmətləri son on ildə geniş inkişaf etmişdir. Məhz bibliometriya informasiya xidmətinin və elmi tədqiqatların dəstəklənməsinin mühüm elementinə və təəssüf ki, həm də elmi müəssisələrdə idarəetmə qərarlarının qəbul edilməsi meyarına çevrilmişdir.
Bibliometriyanın kökləri 18-ci əsrə gedib çıxır, lakin bu sahədə sistemli tədqiqatlar XX əsrin ikinci yarısından etibarən inkişaf etmişdir. “Bibliometriya” termini ilk dəfə 1934-cü ildə Polem Otle tərəfindən istifadə olunmuş, “kitabların və sənədlərin nəşri və oxunması ilə bağlı bütün aspektlərin ölçülməsi” kimi müəyyən edilmişdir. A.Pritçard isə (1969) bibliometriya terminini “riyazi və statistik metodların kitablara və digər ünsiyyət vasitələrinə tətbiqi” kimi təqdim etmişdir.
Elmmetriya elmşünaslığın xüsusi tətbiqi sahəsi kimi formalaşmışdır. Elmmetrik göstəricilər müəlliflərin və ya təşkilatların nəşr fəaliyyətinin və jurnalın elmi çəkisindən asılı olaraq nəşrlərin əhəmiyyətlilik göstəriciləridir. Onlar müəlliflərin və təşkilatların tədqiqat fəaliyyətinin vəziyyətini və perspektivlərini qiymətləndirmək, onların müqayisəsi və müxtəlif reytinqlərdə yerləşdirilməsi üçün istifadə olunur.
Elmmetrik göstəriciləri şərti olaraq 2 qrupa bölmək olar: jurnallar üçün və müəlliflər/təşkilatlar üçün. .
Qeyd etmək lazımdır ki, alimlərin fəaliyyətinin səmərəliliyini tam dəqiq qiymətləndirə biləcək elmmetrik göstəricilər yoxdur. Məsələn, əksər hallarda hesabat və layihələrdə nəşrlərin keyfiyyəti nəzərə alınmadan onların sayı tələb olunur. Kəmiyyət tələbi isə nəşrlərin keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər.
Son dövrlərdə kitabxanalar elmi kommunikasiya sistemində öz rol və vəzifələrini müəyyənləşdirmək kimi mürəkkəb prosesdən keçir. Kitabxanaların akademik mühitə inteqrasiyası səviyyəsi yüksəlir. Kitabxanalar elmi tədqiqatlar halqasının tam hüquqlu partnyoru kimi nəzərdən keçirilir. Kitabxanaların fəaliyyətində inkişaf edən istiqamətlərdən biri məhz tədqiqatların idarə edilməsi və qiymətləndirilməsi prosesində onların strateji rolunu həyata keçirən qiymətləndirici bibliometriyadır.
Dünyada elmi kitabxanaların institusional təcrübəsinə bibliometrik tədqiqatların tətbiqi istiqamətində aydın tendensiya müşahidə olunur. Kitabxanaçılar bibliometriyanı elmimetriyanın bir hissəsi hesab edirlər. Müasir dövrdə informasiya cəmiyyətinin tələbləri elmi kitabxanaların da fəaliyyətinin yenidən qurulmasına səbəb yaradır. Elmi kommunikasiyanın müasir informasiya mühiti alimlər, naşirlər, kitabxanaçılar arasında yeni əməkdaşlıq növlərinin həyata keçirilməsinə və kitabxanalar və kitabxanaçılar üçün yeni rolların yaranmasına kömək edir. C.L. Borqmana görə yeni kitabxana paradiqmasında elmi kitabxanaların vəzifəsi diqqəti oxucu üçün xidmətdən müəllif üçün xidmətə çevirməkdir.
Bu gün dünya müstəvisində elmi kitabxanalar daha fəal rol oynamağa və tədqiqat dövrünün bütün mərhələlərində, informasiya təminatından və sənədlər toplusuna çıxışın təmin edilməsindən tutmuş nəşrinə və tədqiqat nəticələrinin sonrakı təhlilinə və qiymətləndirilməsinə qədər fəal tərəfdaş kimi çıxış etməyə çalışırlar. Prioritet olaraq elmi kitabxanaların fəaliyyətinə aşağıdakılar daxildir: Açıq çıxış rejimində repozitar fondların yaradılması və saxlanması; elmi məlumatların idarə edilməsi; elektron nəşrlərə dəstək; bibliometriya (informometriya, elmmetriya, altmetriya, webometriya və s.).
Ənənəvi olaraq, 1970-ci illərdə kitabxanalarda bibliometriya fondların formalaşması və idarə olunmasında sitat təhlilini istifadə etməklə elmi nəşrlərin qiymətləndirilməsində və s.-də tətbiq edilirdi. Son onillikdə elm siyasətində və elmin maliyyələşdirilməsinin idarə edilməsində bibliometriyadan fəal istifadə olunması ilə əlaqədar əsas diqqət alimlərin, təşkilatların və s. elmi fəaliyyətinin nəticələrinin təhlili və qiymətləndirilməsinə yönəlmişdir.
Qərbi Avropa mütəxəssislərinin fikrinə görə məhz kitabxanalar və informasiya mərkəzləri zəruri olan bibliometrik məlumatları təmin etməyə qadir olan müstəqil və multidisiplinar institutlardır. Çünki, kitabxanalar ənənəvi olaraq elmi tədqiqatların informasiya təminatını həyata keçirir və infometrik tədqiqatlar kitabxana-informasiya mühitində axtarışların vacib hissəsidir. Qeyd etmək lazımdır ki, kitabxanaçıların peşə səlahiyyətlərinə sənədlər (biblioqrafik metaməlumatlar, sənədlərin növləri) haqqında biliklər, elmi kommunikasiya kanallarına dair biliklər, biblioqrafik məlumatlarla işləmək və informasiyanın analitik və sintetik emalı üzrə bacarıqlar; informasiya-axtarış sistemlərində və verilənlər bazalarında axtarış metodlarına dair biliklər daxildir və eyni zamanda bibliometrik axtarış üçün informasiya resursları sayılan biblioqrafik informasiya mənbələri istifadə edilir. Həmçinin kitabxanalar nəşriyyatlarla müqavilələri yerinə yetirir və elmi informasiya nəşrlərinə abunə olur, elmi kitabxanalar indeksli verilənlər bazasına lisenziyalı girişi təmin edir. Bu siyahını daha da artırmaq olar.
Kitabxana bir təşkilat olaraq müvafiq sitat müşahidələrinin, metodiki və izahat işlərinin aparılması, bibliometriyanın imkanları haqqında biliklərin yayılması üçün əla platformadır. Eyni zamanda kitabxana texnologiyaları vasitəsilə yaxşı məlumat bazaları təşkil olunur. 2003-cü ildə Julich Atom Mərkəzində keçirilən Bibliometriya Konfransında mərkəzin Elmi Kitabxanasının direktoru doktor Rafael Bollun qeyd etdiyi kimi: “İnformasiya mütəxəssisləri bu gün dünyada elmi tədqiqatlar zamanı əldə edilmiş çoxlu məlumatların toplandığı sistemin mərkəzi hissəsinə çevriliblər. Onların peşəkar vəzifəsi bu məlumat dəstlərini emal etmək və onlardan etibarlı və yüksək keyfiyyətli məlumat çıxarmaqdır. Elmin idarə olunmasında lazım olan bibliometrik məlumatları təqdim etməyi kitabxanaçılar və informasiya mütəxəssislərindən başqa elmi ictimaiyyətdə kim daha yaxşı həyata keçirə bilər ki? Məhz kitabxanalar və informasiya mərkəzləri müstəqil və fənlərarası əlaqədə olan qurumlardır ki, bu cür xidmətlər göstərə bilirlər”.
Respublikamızda Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu istisna olmaqla, digər heç bir kitabxana bibliometrik tədqiqat ilə məşğul olmur. Dünya ölkələrinin kitabxanalarında, xüsusən elmi kitabxanalarda müxtəlif istiqamətlər üzrə çoxlu sayda bibliometrik tədqiqatların həyata keçirildiyini nəzərə alsaq, Azərbaycan kitabxanalarının demək olar ki, bu elmimetrik sahə üzrə fəaliyyəti çox zəif təşkil olunmuşdur.
Mütəxəssislər tərəfindən bibliometriyanın inkişafı, müasir vəziyyəti və inkişaf perspektivləri, bibliometrik xəritələrin hazırlanması, elektron kitabxanalarda sosial şəbəkələr, bibliometrik üsullar vasitəsilə elektron kitabxanalarda xidmətin keyfiyyətinin yüksəldilməsi, bibliometrik üsulların e-kitabxana mühitində tətbiqi imkanlarının öyrənilməsi istiqamətində araşdırmalar aparılır, problem müxtəlif aspektlərdən tədqiq edilir.
Bu şəraitdə kitabxanaçıların peşə səriştələrinin və peşə hazırlığının yeni dövrün vəzifələrinə uyğunluğu problemi xüsusi aktuallıq kəsb edir. Problemin həlli məqsədilə elmi kitabxanaların kadr təminatı nəzərdən keçirilməli, dövrün tələblərinə uyğun olaraq mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə diqqət yetirilməlidir.
Səyyarə Məmmədova
AMEA Mərkəzi Elmi Kitabxana
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.