Bizlər - ölkəmizin ziyalıları, Azərbaycan elmini təmsil edən nümayəndələrik. Bizə söz demək daha çox elm sahəsində düşər. Amma bu gün elə bir gündür ki, söz demək haqqı və istəyi hər bir Azərbaycanlıda vardır. Tükənməz sevincini və qürurunu yaşadığımız Zəfər günü ilə bağlı mən də mənəvi haqqı çatan bir vətəndaş kimi duyğularımı paylaşmaq istərdim. Mənən haqqı çatan ona görə deyirəm ki, tarixə keçmiş Dağlıq Qarabağ münaqişəsinin ilk başladığı illər mənim də gözlərim qarşısında keçib. Hər kəsin bildiyi faktdır ki, XX əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etdi və ölkəmizə qarşı hərbi təcavüzə başladı. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşdü.
30 ilə yaxın sürən işğal dönəmində elə bir azərbaycanlı tapılmaz ki, Qarabağ savaşı bu və ya digər şəkildə onun taleyindən iz qoymadan keçmiş olsun. Hər kəsin yaxınları, qohumları, illərlə bir parta arxasında əyləşdiyi uşaqlıq dostları, qonşuları arasında 30 ilə yaxın sürən bu savaşda qurban, şəhid olanlar vardır. Torpaq itkisinin can itkisi qədər ağır olduğunu genetik yaddaşı ilə bilən Azərbaycan xalqı 30 ilə yaxın münaqişənin qan tökülmədən, danışıqlar, dinc yolla həll olunması üçün səbrlə gözlədi. Amma gözlədi deyərkən süst durmadı, bu illər ərzində Azərbaycan beynəlxalq müstəvilərdə dinc savaş prinsiplərini davam etdirdi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri siyasi qələblərimiz sayıla bilər, amma nə bu qətnamələr, nə də illərlər Minsk Qrupu həmsədrlərinin regiona “turları” bir nəticə vermədi. Və bu gün buna yalnız Ermənistan təəssüf edə bilər ki, uzun illər davam edən danışıqlar prosesi ağılsız, destruktiv mövqe göstərdikləri üçün nəticə vermədi. Bugünkü durumları göz qabağında...
Amma mən Zəfərimizdən, Zəfərimizə aparan 30 ildən danışmaq istəyirəm - bu müddətdə Azərbaycan inkişafında sıçrayışa nail oldu. Ölkə rəhbərliyinin illərdir zəfərə hədəflənmiş addımları bütün sahələri əhatə etdi. Nailiyyətlər hətta fəzaya qədər çıxdı desək, yanılmarıq. Dünyanın bəzi hegemon dövlətləri kosmosa peyk çıxara bilmədiyi halda, Azərbaycan kosmosu da fəth etdi və “Bizim fəth edə bilməyəcəyimiz zirvə, zəfər çala bilməyəcəyimiz amal yoxdur” mesajı dünyaya çatdırıldı.
Bu mesajı duymayan Ermənistan Respublikasının silahlı qüvvələri isə 2020-ci il sentyabrın 27-də beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutdu. Növbəti hərbi təxribat nəticəsində mülki şəxslər, hərbçilər arasında ölən və yaralananlar oldu. Milli təhlükəsizliyimizə qarşı real hərbi təhdidlərin qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başladı. Hərbi əməliyyatlar 44 gün çəkdi və Vətən Müharibəsi kimi Azərbaycan tarixinə, dünya hərb tarixinə 44 günlük müharibə kimi yazıldı.
Tarix demişkən, Şərqin ilklərinə həmişə imza atmışıq. Şərqin ilk demokratik respublikasını biz qurmuşuq (1918), qadınlara ilk seçki hüququ verən biz olmuşuq, ilk Şərqin ilk operasını biz yazmışıq (1910)… bunlara əlavə olaraq, təkrarı bulunmaz qonaqpərvərlik, səxavət, xeyriyəçilik keyfiyytələrimizlə də tarixən yaxşı mənada ad çıxarmışıq. Və XXI əsr tarixində illərlə BMT-lərin bacarmadığı işi 44 gün içində həll etməklə yenə nəinki Şərqin, dünyanın diqqətində durmağı bacardıq.
44 gün davam edən hərbi əməliyyatların altında Azərbaycan xalqının 30 il heç tükənməyən qələbəyə inamı, ümidi, dövlət başçısı İlham Əliyevə etimadı durur. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda əslində uzun illər qələbə üçün mənəvi səfərbərlik işləri görülmüşdür. Azərbaycan sanki bütün mexanizmləri üzvi işləyən bir saat kimi Zəfər anı üçün 30 il saydı. İşğaldan sonra dünyaya gələn övladlarımız, ilk addımlarını dogma yurdunu tərk edərkən atıb, qaçqın, köçkün olmuş həmvətənlərimiz 30 il Zəfər amalı ilə böyüdü. Çalışdıq, bacarığımızı, gücümüzü cəm etdik, elmimizi, iqtisadiyyatımızı yüksəklərə qaldırdıq, Ordumuzu qurduq. O Ordu ki, bu gün dünyanın ən güclü orduları sırasında yer alır. Amma onu da qeyd etmək lazımdır ki, dünyanın ən güclü orduları hərbi-texniki bazası, hərbi kontingentin sayı, hərbi taktiki təlim bacarıqları ilə seçildiyi halda, bir tək Azərbaycan Ordusu və əsgəri güclü ruh yüksəkliyi ilə bütün orduları üstələyə bilər. Bəli, bu gün Azərbaycan Ordusu ən qabaqcıl hərbi sursatla təmin olunmuşdur, hərbi biliklərə malik hərbçilərimizlə fəxr edə bilərik. Amma bizim daha çox öyünəcəyimiz əsgərlərimizin mənəvi ruh yüksəkliyidir. 44 günlük müharibədə hərbi texnikaların da aciz qaldğı anlar, silahın, mərminin iş görə bilmədiyi məqamlar oldu, bu danılmaz. Bax, o yerdə Azərbaycan oğlu, 30 ilin övladları düşmən qarşısında öz sözünü dedi. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir. Bunu 30 il mənəvi səfərbərlik yaşamış xalqımız etdi.
Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb oldu. Biz, yalnız tarix yazmadıq, dünya ölkələri üçün arxamızca öyrəniləcək çox izlər buraxdıq. Milli Ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Bu müharibədə ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu.
Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, birliyini nümayiş etdirdi.
Və burda bir məqamı da vurğulamaq yerinə düşər ki, Qələbəni qazandıran Ordunun gücü qədər, xalqın birliyi də oldu. Bu birliyi də torpaqlarımıza təcavüz başlayan andan nümayiş etdirdik. İşğalın ilk günlərindən qaçqın və köçkünlərimizə sahib çıxdıq, 30 il bir yurmruqla bir amal üçün vurduq. Biz 30 ili yardımlar, ianələrlə dolanmadıq. Özümüz ağladıq, özümüz gözümüzün yaşını silib ayağa durduq, yaralarımızı sardıq…
Və bu gün nə qədər sevindiricidir ki, Zəfər qazanan Azərbaycan onu qorumağı, saxlamağı və davamlı olmasını təmin etməyi də bacarır. Bu il sentyabr ayında Azərbaycan işğaldan azad edimiş torpaqlarında, Qarabağ iqtisadi zonasında, mədəniyyət beşiyində terrorçu ünsürlərin təmizlənməsi üçün əməliyyatlara başladı və heç 24 saat çəkmədi ki, düşməni darmadağın etdi. Və bəyan etdi, heç bir dünya dövləti daxilində parazit saxlamaz, eləcə də Azərbaycan buna yol verməz! Azərbaycan vətəndaşı qürurla bəyan etdi: “Mənim sərhədim, mənim torpaqlarım, mənim qanunlarım!”. Və Azərbaycan Zəfərinə zəfər qatdı, Zəfərimizi şövqləndirdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, ordumuz, hüquq-mühafizə orqanlarımız qürurumuza qürur qatdı. Bu gün Azərbaycanın hər bir yerində Şuşada, Xankəndidə, Xocalıda Zəfər bayramı qeyd olunur.
Azərbaycan daha böyük qürurlara, sevinclərə, zəfərlərə layiq torpaq, azərbaycanlılar bunu layiq övladlardır. Və inşallah, hələ bu zəfərimizin ayağı yüngül olacaq, daha böyük qələbələr, uğurlar, mövqelər bizi gözləyir!
Xumar ƏLƏKBƏROVA, AMEA-nın Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, f.ü.f.d., dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.