Rəşadətli Azərbaycan Ordusu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altındakı torpaqlarımızı azad etmək üçün Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşanı böyük fədakarlıqla azad etdilər. 2020-ci il noyabrın 8-i Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etməsi ilə tariximizə ən şanlı bir gün kimi yazıldı. 8 noyabr tarixində Prezident cənab İlham Əliyev Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəndən sonra, elə Şəhidlər xiyabanından Şuşanın azad olunduğu xəbərini bütün dünyaya bəyan etdi. Dövlətimizin başçısı özü də söylədi ki, Azərbaycan xalqına bu müjdəni verdiyi gün onun həyatında ən xoşbəxt günlərindən biridir : “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir!” “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Şuşanın azad edilməsi üçün hərbi əməliyyat zamanı düşmənin çoxlu sayda texnikası, canlı qüvvəsi məhv edildi. Şuşanı itirməklə Ermənistan müharibədə məğlub olduğunu qeyd etdi və kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Bütün dünyanı məəttəl qoyan Şuşa əməliyyatı görünməmiş strategiyası və taktikası ilə dünya hərb tarixinə düşüb. Azərbaycan Respublikasında Şuşanın işğaldan azad edilməsi şərəfinə “Şuşanın azad olunmasına görə” medalı təsis olunub.
Yeni dirçəlişin mübarək əziz Şuşamız! Əgər bizim iqtisadi gücümüz olmasaydı, bu Zəfəri əldə etmək mümkün olmazdı. Əlbətdə ki, ilk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Azərbaycan bu gün iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən və heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb və erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır.
Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Biz bunu etməsəydik əgər, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi.
8 noyabr tarixi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, 44 gün davam edən qəhrəmanlıq savaşımız Vətən müharibəsi tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Zəfər Günümüz mübarək olsun. Qarabağ Azərbaycandır!
Fərid MUSTAFAYEV, YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.