Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

13.11.2023 11:24
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutu ilə universitetlərin SABAH mərkəzləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İdarəetmə Sistemləri İnstitutu ilə universitetlərin SABAH mərkəzləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə universitetlərin SABAH mərkəzləri arasında əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə görüş keçirilib.

Görüşdə İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, elmi katib Zəhra Əzizova, laboratoriya müdirləri r.ü.f.d., dosent Gülçin Abdullayeva və r.ü.f.d., dosent Ədalət Paşayev, Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva, Elm və Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev, İcra Komitəsi sədrinin müavinləri Nailə Qəhrəmanova və Sevinc Əliyeva, Bakı Dövlət Universitetinin SABAH Mərkəzinin rəhbəri İradə Süleymanova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin SABAH mərkəzinin rəhbəri Arzu İbrahimova və Azərbaycan Texniki Universitetinin SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova iştirak ediblər. 

Görüşdə universitetlərin SABAH qruplarında magistratura səviyyəsində təhsil alan magistrantlara İSİ-nin aparıcı alimləri tərəfindən magistrlik dissertasiya işlərinin mövzularının təyin olunması, iş üzrə elmi rəhbərliyin həyata keçirilməsi, magistrantların laboratoriyalarda görülən işlərlə bilavasitə yaxından tanış olmaları üçün onların İSİ-də elmi tədqiqat təcrübəsi keçmələrinin təşkil olunması və s. məsələlər geniş müzakirə olunmuş, bu işlərin yerinə yetirilməsi üçün həyata keçirilməsi zəruri olan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

SABAH qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev SABAH qruplarında təhsilin magistratura pilləsi üzrə tədrisi həyata keçirilən ixtisaslar haqqında ətraflı məlumat verərək qeyd edib ki, proqram əsasən kompüter elmləri və texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik, logistika və nəqliyyat, optimallaşdırma, əməliyyatların tədqiqi və sistemi, ehtimal nəzəriyyəsi və s. kimi ən müasir, texnologiya yönümlü ixtisasları əhatə edir.

Daha sonra İSİ-nin icraçı direktoru Əminağa Sadıqov sözügedən institut ilə universitetlərin SABAH mərkəzləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasını müsbət qiymətləndirərək, öz növbəsində institut tərəfindən bu işlərin mərhələli şəkildə həyata keçirilməsi üçün lazımi dəstəyin veriləcəyini vurğulayıb. O, həmçinin magistrantlar üçün İSİ-də kompüter elmləri və texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və s. sahələri əhatə edən mövzularda seminarların, mühazirələrin, ustad dərslərinin keçirilməsinin vacibliyini qeyd etmiş, bu tədbirlərin universitetlərlə elmi tədqiqat institutları arasında əməkdaşlıqda yeni bir mərhələ olacağını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: