Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

14.11.2023 12:03
  • A-
  • A
  • A+

“The Man Booker”in mükafatçısı Nizami Muzeyinin qonağı olub

“The Man Booker”in mükafatçısı Nizami Muzeyinin qonağı olub

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ölkəmizdə səfərdə olan “The Man Booker” beynəlxalq mükafatının 2019-cu il laureatı, Oman əsilli yazıçı, Edinburq Universitetində klassik ərəb şeiri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan və hazırda Omanın Sultan Qabus Universitetinin dosenti olan Cuxa əl-Harsi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Muzeyin elmi işçisi Rəhilə Sadıqova dünyaşöhrətli yazıçıya klassik və müasir dövr Azərbaycan ədəbiyyatı, mədəniyyəti haqqında ərəb dilində geniş məlumat verib, qonağı muzeyin zəngin ekspozisiyası ilə tanış edib. 

Qeyd edək ki, Cuxa əl-Harsiyə nüfuzlu “The Man Booker” mükafatını qazandıran “Ayın qızları” romanı “Parlaq imzalar” nəşriyyatı tərəfindən Azərbaycan dilində nəşr olunub. Muzeyə ziyarət zamanı sözügedən romanı dilimizə tərcümə edən Aytəkin Qocayeva, kitabın redaktoru Rəşad Həsənov və gənc yazıçı Ramil Əhmədov da qonağı müşayiət ediblər.

Muzeyin “Rəy kitabı”nda öz dərin təəssüratlarını bölüşən Cuxa əl-Harsi burada keçirdiyi vaxtdan məmnun qaldığını və zəngin Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olmaq imkanı əldə etdiyi üçün şad olduğunu bildirib.

Sonda tanınmış yazıçıya akademik Rafael Hüseynovun müəllifi olduğu “Məhsəti Gəncəvi: portret-oçerk”inin ərəb dilində nüsxəsi, ingilis dilində “Şirvan şairləri” kitabı və muzeyin ekspozisiyasını ehtiva edən ingilis dilində buklet - “Söz məbədi” hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: