AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu ilə görüşüb.
AMEA Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli bu gün Azərbaycanla Türkiyə arasında əsrlərə söykənən dostluq qardaşlıq münasibətlərinin özünün ən yüksək dövrünü yaşadığını, bütün sahələrdə sıx əməkdaşlıq edildiyini, bu əlaqələrin bütün dünya üçün örnək olduğunu söyləyib. Qeyd edib ki, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində ölkələrimiz arasındakı sıx münasibətlər Türk dünyasının, eləcə də Türk Dövlətləri Təşkilatının canlanmasına təkan verib.
Ölkə rəhbərlərimizin açdığı geniş meydanlar çərçivəsində AMEA ilə TÜBİTAK arasında da münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirən akademik İsa Həbibbəyli qurumun başqanı Hasan Mandalın dəfələrlə Akademiyada olduğunu, keçirilən görüşlərdə, konfranslarda iştirak etdiyini, eyni zamanda AMEA rəhbərliyinin də Türkiyədə TÜBİTAK-ın ofisini ziyarət etdiyini diqqətə çatdırıb,
Ölkə başçısının “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə Akademiyada struktur islahatlarının aparıldığını qeyd edən akademik İsa Həbibbəyli yaranmış yeni şəraitdə AMEA ilə TÜBİTAK arasında yeni əməkdaşlıq protokolunun imzalanmasının zəruriliyini vurğulayıb, hazırda bu istiqamətdə işlərin yekunlaşmaq üzrə olduğunu deyib.
AMEA-nın tarixi ənənələrinin davam etdirilməsi və müasir dünya elmi məkanında mövcud nüfuzunu qoruması üçün yeniləşən Akademiya hərəkatına başlanıldığını deyən akademik İsa Həbibbəyli MDB məkanında ilk dəfə olaraq AMEA-da “Elektron Akademiya” şöbəsinin yaradıldığını, eləcə də elmi müəssisə və təşkilatlarda Elektron xidmətlər şöbələrinin təşkil edildiyini, saytlarının və jurnallarının təkmilləşdirildiyini, alimlərimizə istinadların sayının artırılması məqsədilə “Google scholar”da akademik profillərinin açıldığını, məqalələrə DOİ identifikatorunun verilməyə başlandığını söyləyib.
Qeyd edib ki, bu gün Akademiyada 30-a yaxın jurnal çap olunur və onların ULAKBİM-in nüfuzlu Dərgi Park elektron baza reyestrinə daxil edilməsi alimlərimizin elmi nailiyyətlərinin dünyaya çıxarılmasına mühüm töhfə verəcək.
Akademik İsa Həbibbəyli çıxışının sonunda Türk dünyasının TÜBİTAK kimi dünyada böyük nüfuza malik qurumunun mövcudluğunun qürurverici olduğunu deyib və AMEA-nın bütün istiqamətlərdə əməkdaşlığa dəstək verəcəyini söyləyib.
Sonra çıxış edən ULAKBİM-in rəhbəri Mehmet Mirat Satoğlu AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib, dəvətə görə akademik İsa Həbibbəyliyə təşəkkür edib. Azərbaycanda elmə, təhsilə yüksək qiymət verildiyini deyən Mehmet Mirat Satoğlu AMEA ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, daha sonra ULAKBİM-in Dərgi Park elektron baza reyestrinin yaranma tarixindən və jurnalların yerləşdirilməsi üçün mövcud tələblərindən danışıb.
Qeyd edək ki, görüşdə, həmçinin AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov, Elm və təhsil şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və İnsan resursları şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud da iştirak ediblər.
Daha sonra qonaq AMEA-nın Rəyasət Heyətinin binası və “Elektron Akademiya” şöbəsinin iş şəraiti ilə tanış olub.
Sonda xatirə şəkli çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.