Rusiyanın görkəmli yazıçısı, publisist-şair Viktor Slipençuk, “Bədii ədəbiyyat” (“Художественная литература”) nəşriyyatının baş redaktoru Georgiy Pryaxin və “Baykal” Fondunun direktoru Oleq Velikoredçanin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.
IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ölkəmizdə olan qonaqları Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli qəbul edib.
Rusiyalı qonaqlar Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfovun müşayiəti ilə institutun Ekspozisiya zalındakı Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Demokratik Respublikasının Parlamenti və H.Z.Tağıyev guşələrinə tamaşa edib, burada sərgilənən qədim əlyazma nümunələri, elmi-tədqiqat müəssisəsinin fondunda mühafizə olunan yazılı abidələr, nadir eksponatlar, UNESCO-nun “Dünya yaddaşı” Reyestrinə daxil edilən əlyazma nüsxələri, o cümlədən bu yaxınlarda həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomu barədə ətraflı məlumat əldə ediblər.
Görüş əsnasında keçmiş SSRİ və Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü, “Yesenin” və “Çingiz xanın şöhrəti” medallarının laureatı Viktor Slipençukun “Çingiz Xan” (“Чингис-Хан”) poemasının və həmin əsərin də yer aldığı “Rus sözü ilə səyahət” (“Путешествие с русским словом”) kitabının təqdimat mərasimi keçirilib. Şair çıxışında ərsəyə gətirdiyi yeni nəşrlər haqqında məlumat verib, bir neçə şeirini səsləndirib, daha sonra onun bədii irsi ilə bağlı institutun alim və mütəxəssislərini maraqlandıran sualları cavablandırıb.
Sonda V.Slipençuk müəllifi olduğu kitabları Əlyazmalar İnstitutunun kitabxanasına hədiyyə edib, təqdimat mərasiminin keçirilməsinə şərait yaratdıqları üçün AMEA-nın və Əlyazmalar İnstitutunun rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.