Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti” adlı monoqrafiya işıq üzü görüb
23.11.2023 09:28
  • A-
  • A
  • A+

“Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti” adlı monoqrafiya işıq üzü görüb

AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə sözügedən müəssisənin Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlının “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” adlı monoqrafiyası çapdan çıxıb.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən 374 səhifəlik kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvi irsinin bədii-estetik cəhətdən tükənməz olduğu göstərilməklə yanaşı, nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğu bir daha əsaslı şəkildə ortaya qoyulur. Müəllif xüsusi olaraq vurğulayır ki, dövrün tələbinə uyğun olaraq Şərqin poeziya dilində - farsca yazılan möhtəşəm sənət incilərini, xüsusilə “Leyli və Məcnun”u azərbaycanlaşdıran, daha doğrusu, türkləşdirən səbəb mətnin struktur, funksiya və məzmunundakı mövcud tutarlı dəlillərlə əsaslandırılmalıdır. Bu problem təkcə “Xəmsə” müəllifinin gəncəli türk oğlu olması ilə məhdudlaşır, yoxsa başqa daha əsaslı səbəblərdən irəli gəlir?.. Kitabın ayrı-ayrı bölmələrində bu sorğuya cavab verilir və Nizami poeziyasının gizli, görünməyən qatlarında qorunub saxlanan, eləcə də üzdə olub müxtəlif cür yozulan cəhətlərindən söz açılır.

Qeyd edək ki, monoqrafiyanın elmi redaktorları filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy və filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov və filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: