Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

27.11.2023 09:34
  • A-
  • A
  • A+

Fizika İnstitutunda gənclərlə görüş keçirilib

Fizika İnstitutunda gənclərlə görüş keçirilib

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Patent işi və elmi-texniki ədəbiyyat fondu şöbəsində gənclərlə görüş keçirilib.

Görüşü giriş sözü ilə institutun icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn İbrahimov açaraq ölkəmizdə elmə göstərilən diqqət və qayğıdan, gənclər üçün yaradılan şəraitdən danışıb.

Sonra Patent işi və elmi-texniki ədəbiyyat fondu şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Həsən Əsgərov çıxış edərək bildirib ki, son 10 il ərzində Fizika İnstitutundan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinə 109 ixtiraya dair iddia sənədi göndərilib. Qeyd edib ki,  2003-2023-cü illərdə Fizika İnstitutu Azərbaycan Respublikasının 87 patentini alıb. O, ixtiraların aşkarlanması istiqamətində patent tədqiqatlarının aparılması, bu istiqamətdə görülən işlər, xüsusi elmi-texniki ədəbiyyat fondu yaradılması haqqında gənclərə məlumat verib. 

H.Əsgərov institutun fondunda 80397 elmi-texniki ədəbiyyatın olduğunu vurğulayıb. O, burada 15144 ədəd kitab, 680 ədəd dissertasiya, 1291 ədəd avtoreferatın mövcud olduğunu bildirib. Daha sonra natiq şöbədə yaradılan şəraitdən bəhs edib. Bildirib ki, son bir il ərzində 929 əməkdaş elmi-texniki ədəbiyyat fondunun oxu zalından istifadə edib.  H.Əsgərov, həmçinin fonddakı xarici elmi ədəbiyyatlardan bəhs edib.

Qeyd edək ki, görüşdə institutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov da iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: