Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.11.2023 20:41
  • A-
  • A
  • A+

AMEA-da “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb

AMEA-da “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb

Noyabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb.

Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və onun ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə tər güllər düzüblər.

Sonra iştirakçılar Mərkəzi Elmi Kitabxananın foyesində Ümummilli Lider Heydər Əliyevin həyatına və zəngin dövlətçilik fəaliyyətinə  həsr olunmuş sərgi ilə tanış olublar.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Elmi Kitabxananın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən  və MEK-in tarixində ilk dəfə olaraq təşkil olunan beynəlxalq elmi konfransın əhəmiyyətini qeyd edib. O, bugünkü konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya və Moldovadan nümayəndələrin iştirak etdiyini, tədbirə ümumilikdə 122 elmi məqalənin daxil olduğunu bildirib.

Dahi lider Heydər Əliyevin Azərbaycanda kitabxana işinin inkişafına diqqət və qayğısından bəhs edən direktor MEK tərəfindən "Heydər Əliyev İli" çərçivəsində həyata keçirilmiş tədbirləri diqqətə çatdırıb.

Professor Məmməd Əliyev bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar olaraq AMEA-da da bununla bağlı Tədbirlər planı hazırlanmış və MEK Akademiyada bu istiqamətdə görülən tədbirlərdə yaxından iştirak etmişdir.

"Ulu Öndər Heydər Əliyevin 100 illiyinə töhfə olaraq MEK tərəfindən həyata keçirilən işlər arasında ilk sırada Heydər Əliyevin biblioqrafiyasının hazırlanması dayanır", - deyə bildirən direktor "Heydər Əliyev İli" ilə əlaqədar olaraq kitabxana tərəfindən Vikipediya açıq ensiklopediyasında 100 məqalənin yaradıldığını qeyd edib. O, həmçinin MEK tərəfindən Azərbaycan və ingilis dillərində "Heydər Əliyevin aforizmləri" audiodiskinin hazırlandığını diqqətə çatdırıb.

Məmməd Əliyev bildirib ki, bundan başqa, Mərkəzi Elmi Kitabxana tərəfindən müxtəlif qurumlarda "Heydər Əliyev İli" çərçivəsində nəşr olunmuş kitabların sərgisi təşkil olunub. Bir sıra məktəblərdə Ulu Öndərin yaradıcılığına həsr edilmiş görüşlər keçirilib, məktəblərə dahi liderin həyat və fəaliyyətinə dair kitablar hədiyyə edilib.

MEK-də Ulu Öndərin 100 illiyi çərçivəsində respublika səviyyəli konfransın keçirildiyini də xatırladan professor Məmməd Əliyev kitabxana tərəfindən, həmçinin Türkiyənin paytaxtı Anakara şəhərində "Heydər Əliyev - 100" adlı kitab sərgisinin baş tutduğunu vurğulayıb.

Direktor qeyd edib ki, MEK 2023-cü ildə Türk Dünyası Kitabxanaçıları Vəqfinə üzv seçilərək Azərbaycandan bu quruma üzv olan ilk kitabxana olmuşdur. 

Daha sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli tədbir iştirakçılarını AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin adından salamlayıb. O, Ulu Öndər Heydər Əliyevin 1997-ci il 20 aprel tarixli Fərmanı əsasında “ana kitabımız” adlandırdığı “Kitabi-Dədə Qorqud” abidəsinin ana dilimizdə yazıya alınmış ilk qədim və möhtəşəm sənət əsəri olduğunu bildirib. Alim Azərbaycanda tarixən kitaba böyük maraq olduğunu və kitabın həmişə bilik mənbəyi hesab edildiyini söyləyib.

Akademik Teymur Kərimli vurğulayıb ki, milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev kitaba və kitabxana işinin inkişaf etdirilməsi məsələsinə xüsusi önəm verib. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən dahi lider gəncləri və ətrafındakı insanları daima mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət edib. Görkəmli dövlət xadimi təkcə bədii əsərlərə deyil, bütün sahələrdə olan kitablara böyük dəyər verib.

Çıxışının sonunda akademik Teymur Kərimli kitab oxumağın bir mədəniyyət, zənginlik olduğunu söyləyərək, tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə təşəkkürünü bildirib.

Konfransda Türk Dünyası Kitabxanalar Vəqfinin sədri Ali Odabaş, Türkiyə Böyük Millət Məclisinin (TBMM) kitabxanasının rəhbəri Arif Şayık, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri Mustafa Lətif Əmək, AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov və digərləri çıxış edərək Azərbaycanda kitabxana işinin inkişafı, bu sahədə Heydər Əliyevin xidmətlərinin tədqiqi baxımından tədbirin önəmini qeyd ediblər.

Beynəlxalq konfrans daha sonra öz işini plenar iclaslarla davam etdirib.

“Multikulturalizmin inkişafında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin rolu”, “Heydər Əliyev və Azərbaycanda kitabxanaşünaslıq elmi”, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Multikultural cəmiyyətdə kitab mədəniyyəti və kitab nəşri”, “Multikultural cəmiyyətdə müasir tələblər və çağırışlar”, “Multikulturalizmin Azərbaycan modeli: tarixi ənənələr və perspektivlər”, “Türk xalqlarının multikultural dəyərləri”, “Postsovet ölkələrində multikultural ənənələr”, “Kitabxanalar milli dəyərlərin və tarixi irsin qorunması bazası kimi” adlı panel iclaslarda müxtəlif mövzularda məruzələrin dinlənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, tədbir öz işini noyabrın 29-da başa çatdıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: