Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

04.12.2023 10:32
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Əməkdar elm xadimi Zülfüqar Zülfüqarovun 110 illik yubileyi qeyd olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Əməkdar elm xadimi Zülfüqar Zülfüqarovun 110 illik yubileyi qeyd olunub

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda tanınmış kimyaçı alim, Azərbaycan SSR EA-nın müxbir üzvü, Əməkdar elm xadimi Zülfüqar Zülfüqarovun anadan olmasının 110 illiyinə həsr olunmuş Elmi şuranın genişləndirilmiş iclası keçirilib.

Tədbirdə elmi şuranın üzvləri, mərhum alimin yaxınları və yetişdirdiyi tələbələr iştirak edib.

Öncə mərhum alimin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, professor Zülfüqar Zülfüqarov təbii və sintetik sili­katların sintez əsaslarının işlənib hazırlanması, fiziki kimyəvi, adsorbsiya və katalitik xassələrinin, eləcədə Azərbaycanın yerli bentonit gillərinin, seolitlərin xassələrinin öyrənilməsi, onların karbohidrogenlərin müxtəlif kimyəvi çevrilmə reaksiyalarında tətbiqi sahəsində tədqiqat işləri aparıb. Əldə edilmiş elmi nailiyyətləri və onların praktik əhəmiyyətini elmi cəhətdən əsaslandırıb, onları qiymətli və perspektiv katalizatorlar və adsorbentlər kimi tanıdıb, elmi və praktiki tövsiyələr verib. Z.Zülfüqarovun katalizatorların fiziki-kimyəvi xassələrinin onların alınma üsulundan asılılığı və qanunauyğunluqların axtarışı sahəsində əldə etmiş olduğu nəzəri və eksperimental materiallar, bir çox məqalələrdə, “Sintez şəraitinin krekinq katalizatorlarının fiziki-kimyəvi xassələrinə təsiri” adlı sanballı monoqrafiyada ümumiləşdirilib. Professor Azərbaycan SSR EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna rəhbərlik etdiyi dövrdə (1971-1983-cü illərdə) həm kadr hazırlığına, həm də yeni elmi istiqamətlərin  müəyyən edilərək tədqiqatçılara verilməsinə böyük önəm verib. O, həmçinin elmi tədqiqat işlərinin müasir, yüksək səviyyədə aparılması üçün laboratoriyanın texniki təchizatına, müasir qurğular və avadanlıqla təmin edilməsinə, qurğuları idarə edən kadrların texniki və elmi səviyyəsinin yüksək olmasına böyük əhəmiyyət verirdi.

Onun rəhbərliyi dövründə onlarla gənc keçmiş SSRİ-nin müxtəlif tədqiqat mərkəzlərinə göndərilib, həmin dövrdə bir çox yeni elmi mövzular təklif etmiş, 65-dən artıq müəlliflik şəhadətnaməsinin müəllifi olub, 50-ə yaxın kimya elmləri namizədi və doktoru yetişdirib,  əməkdaşlara elmi məsləhətlərlə kömək edib.

Sonra institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı professor Zülfüqar Zülfüqarovun həyat və fəaliyyətindən bəhs edən məruzə ilə çıxış edib. Bildirib ki, Zülfüqar Hüseynqulu oğlu Zülfüqarov 3 dekabr 1913-cü ildə Şəki şəhərində doğulub.

Şəki təcrübə nümunə məktəbini bitirdikdən sonra 1931-36-cı illərdə professor Z.Zülfüqarov Azərbaycan Sənaye İnstitutunda təhsil alıb. 1939-cu ildə istehsalatdan ayrılmamaqla SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının nəzdində fiziki-kimya  ixtisası üzrə aspiranturaya qəbul olub.

Vətən müharibəsinin başlanması ilə Z.Zülfüqarov Sovet Ordusu sıralarına leytenant rütbəsində səfərbər olunur və orduda 1943-cü ildən batalyon kimyəvi qulluq rəisi vəzifəsində işləyir, ştab nəzdində partiya təşkilatının katibi seçilir.

Z.Zülfüqarov 1941-ci ilidə namizədlik, 1957-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1950-ci ilin mayında Azərbaycan EA-nın Kimya İnstitutunun fiziki-kimya laboratoriyasının elmi rəhbəri seçilib. 1959-cu ildə ona professor elmi adı verilmişdir. 1976-cı ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib.

Z.H.Zülfüqarov özünü həssas və işdə yorulmaz eksperimentator, mürəkkəb oksid katalizatorların səthində gedən kimyəvi hadisələri öyrənən istedadlı, işgüzar və zəhmətsevər alim olduğunu təsdiq etmiş, əldə etdiyi nəzəri və təcrübi nəticələrini ümumiləşdirərək, onları sanballı monoqrafiya və məqalələrində çap edib. Alimin əsərləri ölkəmizdə və onun xaricində görkəmli kimyaçı alimlər tərəfindən yüksək qiymətləndirilib. Məşhur kimyaçı alim Azərbaycan EA-nın prezidenti akademik Y.H.Məmmədəliyev Z.Zülfüqarovun elmi nailiyyətlərini şəxsən yüksək qiymətləndirərək, Azərbaycan EA-nın nəşriyyatında çapdan çıxmış monoqrafiyanın Amerika Birləşmiş Ştatlarının elmi kitabxanalarına göndərilməsi haqqında göstəriş verib.

Z.Zülfüqarov 1971-1983-cü illərdə Azərbaycan SSR EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna rəhbərlik etdiyi dövrdə tədqiqatların elmi istiqamətini müəyyənləşdirmiş və bir çox yeni elmi mövzular təklif etmişdir.

Alimin Azərbaycan EA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun direktoru vəzifəsində işlədiyi müddətdə iki dəfə, 1978 və 1980-ci illərdə, burada aparılmış tədqiqatlar Dövlət mükafatına layiq görülmüş, institutun alimləri medal və laureat diplomlarını qazanmışlar. Bu işlərdən “Kombinə edilmiş mikroelementləşdirilmiş bor superfosfatın sənaye istehsalı texnologiyasının işlənib hazırlanması və onun respublikanın kənd təsərrüfatında tətbiq edilməsi” işinin müəlliflərindən biri olan Z.Zülfüqarov Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülüb. 1978-ci ildə isə Ümumittifaq Xalq Təssərüfatı Sərgisinin Baş Komitəsi tərəfindən Z.Zülfüqarov əldə etdiyi nailiyyətlərə görə gümüş medal ilə təltif edilib.

Z.Zülfüqarov uzun müddət institutun Elmi şurasının və Problem Elmi şurasının sədri, Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunda Dissertasiya Şurasının üzvü, Azərbaycan EA-nın Elmi Tədqiqatları Əlaqələndirmə Şurasının kimya bölməsinin üzvü və sədri olmuşdur. 1980-ci ildə SSRİ Elmlər Akademiyasının Qeyri-üzvi Kimya üzrə Elmi şurasının fiziki-kimya bölməsinin üzvü seçilmişdir.

Alimin əmək fəaliyyəti Dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, hərbi nailiyyətlərinə görə ikinci dərəcəli Vətən müharibəsi Ordeni və 16 medalla təltif edilmişdir. O, əmək, partiya və Böyük Vətən müharibəsi veteranıdır. Onun adı həyatı boyu sevdiyi vətəni - Şəki şəhərində yeni salınmış küçəyə verilmiş, əbədiləşdirilmişdir. Z.Zülfüqarov həyatının son günlərinə qədər fədakarlıqla işləyərək yeni məqsədyönlü aktual elmi ideyalar ətrafında fikirlərini söyləyirdi. Z.Zülfüqarov 31 iyul 1992-ci ildə vəfat etmiş, Bakı şəhərində dəfn edilmişdir. Alimin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Tədbirdə çıxış edən institut əməkdaşları və alimin tələbələri professorlar Cəbrayıl Mirzai, Etibar İsmayılov, Elza Salahova, k.e.d. Mina Munşiyeva, dosentlər Səadət Bənənyarlı, Aydın Paşacanov və Narqələm Həsənquliyeva onun haqqında ürək sözlərini və xatirələrini iclas iştirakçıları ilə bölüşüblər.

Sonda alimin oğlu Qüdrət Zülfüqarov xoş sözlərə görə institutun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: